Çin startapı Manus Meta-nın nəzarətinə keçib

Çin startapı Manus Meta-nın nəzarətinə keçib

Fərid Əlizadə · Texnologiya ·

Meta şirkəti Çin mənşəli süni intellekt sahəsində fəaliyyət göstərən Manus startapını aldığını açıqlayıb. Sövdələşmə qlobal texnologiya bazarında süni intellekt üzrə rəqabətin kəskinləşdiyi bir dövrə təsadüf edir.

Redaksiya məlumat verir ki, bu addım Meta rəhbəri Mark Zukerberqin OpenAI və Google kimi texnologiya nəhəngləri ilə rəqabət aparmaq məqsədilə süni intellekt texnologiyalarına milyardlarla dollar investisiya yatırdığı bir mərhələdə atılıb.

Manus minimum təlimatla müstəqil şəkildə araşdırma və avtomatlaşdırma kimi tapşırıqları icra edə bilən ümumi təyinatlı süni intellekt agenti hazırlayır. Şirkət bu il təqdim etdiyi məhsulun performans baxımından OpenAI-nin DeepResearch agentini geridə qoyduğunu iddia edib.

Meta Manus xidmətini idarə edəcək və satışını həyata keçirəcək, həmçinin onu Meta AI daxil olmaqla istehlakçı və biznes məhsullarına inteqrasiya etməyi planlaşdırır. Razılaşmanın maliyyə şərtləri açıqlanmayıb.

Qeyd olunur ki, Manus-un mərkəzi Sinqapurda yerləşir və o, Pekin mərkəzli Butterfly Effect Technology Ltd Co şirkətinin tərkibinə daxildir.