ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliffin Kubaya gizli səfər etdiyi bildirilir. Bu barədə Reuters məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, Ratkliff cümə axşamı Havanada Kubanın yüksək səviyyəli təhlükəsizlik və kəşfiyyat rəsmiləri ilə görüşüb. O, görüş zamanı ABŞ Prezidenti Donald Trampın mesajını Kuba tərəfinə çatdırıb.
Məlumata görə, Vaşinqton ciddi iqtisadi və təhlükəsizlik əməkdaşlığının yalnız Kubada “fundamental dəyişikliklər” baş verəcəyi halda mümkün olacağını bildirib. Bu mesaj iki ölkə arasında son həftələrdə artan gərginlik fonunda verilib.
Səfər Kubada enerji böhranı, genişmiqyaslı elektrik kəsintiləri və sosial narazılığın artdığı dövrə təsadüf edir. Son aylarda ölkədə elektrik təchizatının pozulması yeni etiraz dalğasına səbəb olub.
Amerika mənbələri bu səfəri tarixi hadisə kimi qiymətləndirir. Bildirilir ki, bu, 1953-cü il Kuba inqilabından sonra CIA direktorunun Havanaya ilk səfəri ola bilər.
Hələlik nə Vaşinqton, nə də Havana səfərin bütün detallarını rəsmi şəkildə açıqlayıb. Buna görə görüş əsasən məxfi diplomatik və təhlükəsizlik təması kimi qiymətləndirilir.
