Çexiyanın sabiq prezidenti Vatslav Klaus Avropa İttifaqının Ukraynaya ayırdığı maliyyə yardımını sərt tənqid edib. O, kredit adı altında təqdim edilən vəsaitlərin əslində geri qaytarılmayacaq yardım olduğunu iddia edib.
Redaksiya məlumat verir ki, Klaus bu barədə noyabrın 7-də Slovakiyanın Baş naziri Robert Fitso ilə TA3 telekanalında keçirilən müzakirə zamanı danışıb. Sabiq prezident Avropa İttifaqının Ukraynaya maliyyə dəstəyini kredit kimi təqdim etməsini vətəndaşların aldadılması kimi qiymətləndirib.
“Hamımız başa düşürük ki, bunu çex dilinə tərcümə etsək, kredit Ukraynaya verilən hədiyyədir. Hamı bilir ki, həmin vəsait heç vaxt geri qaytarılmayacaq. Buna görə də ‘borc’ ifadəsi vətəndaşların açıq şəkildə aldadılmasıdır”, – deyə Klaus bildirib.
Çexiyanın keçmiş dövlət başçısı Avropa liderlərinin Ukraynadakı müharibənin diplomatik yolla həlli üçün konkret sülh planı hazırlamamasına da münasibət bildirib.
Onun fikrincə, belə bir planın olmaması Avropa siyasətçilərinin bacarıqsızlığı ilə deyil, şüurlu siyasi qərarları ilə bağlıdır.
“Onlar sülh planını hazırlaya bilmədikləri üçün deyil, qəsdən istəmədikləri üçün belə bir plan yoxdur. Bu, şüurlu qərarın nəticəsidir”, – deyə Klaus vurğulayıb.
Sabiq prezident bəzi Avropa liderlərinin xarici siyasət məsələlərindən daxili siyasi mövqelərini qorumaq məqsədilə istifadə etdiklərini də iddia edib.
Klaus xüsusilə Almaniya Kansleri Fridrix Merts və Fransa Prezidenti Emmanuel Makronun siyasətini tənqid edib.
Müzakirədə iştirak edən Slovakiyanın Baş naziri Robert Fitso da Ukraynaya yeni kredit ayrılmasına qarşı olduğunu bildirib.
Fitso Avropa İttifaqında Ukraynaya əlavə 70 milyard avro həcmində kredit verilməsi məsələsinin müzakirə edildiyini qeyd edərək Slovakiyanın bu maliyyələşdirmə mexanizminə qoşulmayacağını açıqlayıb.
O, daha əvvəl təsdiqlənmiş 90 milyard avroluq kredit mexanizmində də Slovakiyanın iştirak etmədiyini xatırladıb.
Qeyd edək ki, Ukraynanın ayrılan kreditləri heç vaxt qaytarmayacağı barədə fikirlər Klaus və Fitsonun siyasi qiymətləndirmələridir. Kreditlərin faktiki geri ödənilməsi onların hüquqi şərtlərindən və gələcək iqtisadi-siyasi vəziyyətdən asılıdır.
