Ərdoğan sabah Azərbaycana səfər edəcək

Ərdoğan sabah Azərbaycana səfər edəcək

Sevinc Kərimova · Media ·

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah, noyabrın 8-də Azərbaycana işgüzar səfər edəcək. Səfər çərçivəsində onun bir sıra rəsmi görüşlər keçirməsi və Zəfər Günü münasibətilə təşkil olunacaq tədbirlərdə iştirak etməsi gözlənilir.

Redaksiya mənbəyə istinadən xəbər verir ki, Türkiyə Prezidenti səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.

Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişaf etdirilməsi, Bakı ilə İrəvan arasında sülh prosesi, Türkiyə-Ermənistan münasibətləri və Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq məsələlərinin müzakirəsi nəzərdə tutulur.

Bundan başqa, Yaxın Şərqdə, İran ətrafında və Körfəz regionunda baş verən hadisələr, eləcə də digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılması gözlənilir.

Məlumata görə, Ərdoğanı Azərbaycana səfərində Türkiyə hökumətinin bir sıra nazirləri və yüksəkvəzifəli rəsmiləri müşayiət edəcəklər.

Türkiyə Prezidenti noyabrın 5-də jurnalistlərə açıqlamasında Azərbaycana səfər etməyi planlaşdırdığını təsdiqləmişdi.

“Noyabrın 8-də Azərbaycanın Zəfər Günü qeyd olunur. Mən də fövqəladə bir vəziyyət baş verməsə, həmin gün Azərbaycana səfər etməyi düşünürəm. İnşallah, bu səfər vasitəsilə lazımi addımları atmaq imkanımız olar”, – deyə Ərdoğan bildirib.

O, Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışıqları apardığını, həmçinin xarici işlər nazirini və kəşfiyyat rəhbərini Azərbaycana göndərdiyini qeyd edib.

Ərdoğan iki ölkə arasındakı münasibətlərin adi diplomatik əlaqələrdən daha geniş məna daşıdığını vurğulayıb.

“Türkiyə və Azərbaycan qardaşlığının aşa bilməyəcəyi heç bir maneə yoxdur”, – deyə Türkiyə Prezidenti bildirib.

Səfərin noyabrın 8-də baş tutması və rəsmi görüşlərin keçirilməsindən sonra Ərdoğanın Ankaraya qayıtması gözlənilir.