İranın cənubunda, Fars körfəzində yerləşən Qeşm adasında iki partlayış baş verib. İran mediasının məlumatına görə, adanın Suza bölgəsinə iki raket düşüb. Hadisə ABŞ və İran arasında davam edən hərbi gərginlik fonunda qeydə alınıb.
Redaksiya mənbəyə istinadən xəbər verir ki, İranın IRNA dövlət informasiya agentliyi yerli şahidlərə əsaslanaraq partlayışlardan əvvəl ada üzərində hərbi təyyarənin səsinin eşidildiyini bildirib.
İranın “Tasnim” agentliyi isə ilkin məlumatlara əsasən, Qeşm adasına iki raketin düşdüyünü açıqlayıb. Agentlik mümkün dağıntılar və insan tələfatı barədə rəsmi məlumatın olmadığını qeyd edib.
İranın “Fars” xəbər agentliyi Qeşm adası və Bəndər-Xəmir ərazisində də partlayış səslərinin eşidildiyini bildirib.
Hadisənin səbəbləri ilə bağlı ilkin məlumatlar fərqli olsa da, ABŞ Prezidenti Donald Tramp İranın Qeşm adası yaxınlığındakı hava hücumundan müdafiə sisteminə məhdud hərbi zərbə endirildiyini təsdiqləyib.
Tramp əməliyyatı kiçikmiqyaslı zərbə kimi xarakterizə edərək ABŞ qüvvələrinin yeni qurulmuş hava hücumundan müdafiə sistemini hədəfə aldığını bildirib.
Qeşm adası strateji əhəmiyyətə malik Hörmüz boğazının yaxınlığında yerləşir. Bu ərazi beynəlxalq enerji daşımaları baxımından mühüm mövqeyə malikdir.
Hadisə ABŞ və İran arasında diplomatik danışıqların davam etdiyi bir vaxtda baş verib.
Qətər rəsmiləri Vaşinqton və Tehran arasında vasitəçilik səylərinin davam etdiyini, tərəflərin mümkün razılaşma istiqamətində danışıqları dayandırmadığını açıqlayıblar.
Qeşm adasındakı partlayışların nəticələri, dəymiş ziyanın miqyası və mümkün insan tələfatı ilə bağlı rəsmi məlumat hələlik açıqlanmayıb.
