Canva 1271 əməkdaşı əhatə edən ixtisar və yenidənqurma elan edib

Canva 1271 əməkdaşı əhatə edən ixtisar və yenidənqurma elan edib

Fərid Əlizadə · Media ·

Avstraliyanın dizayn platforması Canva genişmiqyaslı yenidənqurma proqramı çərçivəsində 1271 əməkdaşını əhatə edən dəyişikliklər elan edib. Bu, şirkətin ümumi işçi heyətinin 22 faizinə bərabərdir. Dəyişikliklərdən təsirlənənlərin bir hissəsi işdən çıxarılacaq, digərlərinin vəzifələri və ya iş yerləri dəyişdiriləcək. Şirkət işdən ayrılanlara geniş sosial və maliyyə dəstəyi göstərəcəyini açıqlayıb. Bu barədə Canva-nın rəsmi bəyanatında məlumat verilib.

Redaksiya mənbəyə istinadən xəbər verir ki, şirkətin həmtəsisçisi və baş direktoru Melani Perkins qərarı Canva-nın 13 illik tarixində ən çətin addımlardan biri adlandırıb.

Onun sözlərinə görə, yenidənqurmanın məqsədi şirkətin təşkilati strukturunu dəyişdirmək və gələcək inkişaf üçün daha səmərəli fəaliyyət modelinə keçməkdir.

Canva-dan ayrılan əməkdaşlara yerləşdikləri ölkədən asılı olmayaraq, qanunla nəzərdə tutulan ödənişlər də daxil olmaqla, ən azı altı aylıq əməkhaqqı veriləcək.

Bundan əlavə, işçilər istifadə etdikləri şirkətə məxsus MacBook noutbuklarını özlərində saxlaya biləcəklər.

Şirkət mövcud tibbi sığorta proqramının tətbiq olunduğu ölkələrdə işdən ayrılanların sığorta təminatını daha 12 ay davam etdirəcək. Canva-nın əməkdaşlara psixoloji və sosial dəstək proqramından isə onların ailə üzvləri də bir il ərzində yararlana biləcəklər.

Keçmiş işçilərə yeni iş tapmaq üçün fərdi karyera məsləhətləri, müsahibələrə hazırlıq və CV dəstəyi göstəriləcək. Onlara həmçinin bir illik LinkedIn Premium abunəliyi təqdim olunacaq.

Canva biznes qurmaq istəyən keçmiş əməkdaşlar üçün ayrıca Canva Collective Fund proqramı da yaradıb. Bu proqram çərçivəsində müraciəti qəbul edilən şəxslərə 10 min ABŞ dolları məbləğində qrant veriləcək.

Qrant yalnız biznes təşəbbüsləri üçün deyil, yerli icmalara fayda verən layihələrin həyata keçirilməsi üçün də nəzərdə tutulub.

Şirkətin açıqlaması sosial şəbəkələrdə diqqət çəkib. Xüsusilə altı aylıq maaş təminatı, noutbukların işçilərdə saxlanılması və sahibkarlıq qrantları müzakirə olunur.

Bununla belə, 1271 nəfərin hamısının işdən çıxarıldığı barədə yayılan məlumat dəqiq deyil. Canva bu rəqəmin vəzifəsi dəyişdirilən və başqa iş mərkəzinə köçürülməsi təklif olunan əməkdaşları da əhatə etdiyini bildirib. Faktiki ixtisar ediləcək şəxslərin yekun sayı açıqlanmayıb.