Bu gün regionda davamlı sülhün əldə olunması üçün siyasi iradə və qarşılıqlı etimad əsas amillərdən biridir

Bu gün regionda davamlı sülhün əldə olunması üçün siyasi iradə və qarşılıqlı etimad əsas amillərdən biridir

Sevinc Kərimova · Media ·

Möhtərəm Prezident cənab İlham Əliyev: “Sülhə sadiqlik dövlətlərin və xalqların barışığının əsas göstəricisidir”.

Bu günlərdə Azərbaycana səfər edən Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə keçirilən görüş zamanı Dövlət başçısı regionda sülhün və sabitliyin təmin olunması istiqamətində görülən işlərdən də bəhs edib. Ölkə başçısı bildirib ki, regionda davamlı sülhün əldə olunması üçün siyasi iradə və qarşılıqlı etimad əsas amillərdən biridir. Bəli, hazırda Azərbaycan bu istiqamətdə konkret və praktiki addımlar atır. Bu addımlar yalnız siyasi bəyanatlarla məhdudlaşmır, eyni zamanda real iqtisadi və humanitar əməkdaşlıq təşəbbüsləri ilə müşayiət olunur. Bildiyimiz kimi Ölkəmiz artıq Emənistanla müəyyən iqtisadi əlaqələrin qurulmasına başlayıb. Azərbaycan mühüm neft məhsullarının təchizatına start verib. Bununla yanaşı, digər ölkələrdən Azərbaycan ərazisi vasitəsilə Ermənistana yönələn yüklərin tranziti ilə bağlı mövcud olan bütün məhdudiyyətlər aradan qaldırılıb. Bu addımların atılması Azərbaycanın regionda sülhə və əməkdaşlığa verdiyi önəmin bariz nümunəsi kimi qiymətləndirilir. Dövlət başçısı qeyd edib ki, bu addımlar Azərbaycanın sülh prosesinə yalnız imzalanan sənədlər vasitəsilə deyil, həm də real və praktiki fəaliyyətlə töhfə vermək niyyətində olduğunu göstərir. Prezidentin sözlərinə görə, bəzən müxtəlif razılaşmalar uzun müddət kağız üzərində qalır və onların real həyata keçirilməsi gecikir. Azərbaycan isə sülhə doğru irəliləyişin konkret addımlarla müşayiət olunmasının tərəfdarıdır.

Ötən müddət ərzində tərəflər arasında sülh istiqamətində mühüm addımlar atılıb və 2025-ci ilin avqust ayında sülhə nail olunması bu prosesin mühüm nəticəsi kimi qiymətləndirilir. Möhtərəm Prezidentin sözlərinə görə, son qanlı qarşıdurmadan sonra iki ildən də az müddət ərzində belə nəticənin əldə olunması siyasi iradənin və dialoqun nə qədər əhəmiyyətli olduğunu göstərir. Ali qonaqla birgə mətbuata bəyanat verən cənab İlham Əliyev qeyd etdi ki, əgər hər iki tərəf sülhə sadiqliyini və siyasi iradəsini davamlı şəkildə nümayiş etdirərsə, bu, dövlətlər və xalqlar arasında barışığın ən güclü göstəricisi olacaq. Əlbəttə ki, sülh hər bir xalq üçün ən böyük dəyərdir və müharibə şəraitində yaşamağın nə demək olduğunu bilən ölkələr sülhün qiymətini daha yaxşı anlayırlar.

Azərbaycan uzun illər münaqişə şəraitində yaşamış bir ölkə kimi sülhün əhəmiyyətini çox yaxşı anlayır və regionda sabitliyin təmin olunmasına xüsusi önəm verir. Bu baxımdan Azərbaycan regionda davamlı sülhün bərqərar olması üçün bütün imkanlardan istifadə etməyə hazırdır. Bu gün regional təhlükəsizlik, əməkdaşlıq və sülh məsələləri Azərbaycan üçün prioritet istiqamətlərdən biridir və bu sahədə beynəlxalq tərəfdaşlarla dialoqun davam etdirilməsi böyük əhəmiyyət daşıyır.

Mübariz Tağıyev
Neftçala rayonu