Bolqarıstan Prezidenti Rumen Radev ölkə xalqına müraciətində vəzifəsindən istefa verdiyini açıqlayıb. O, çıxışında “bu gün sizə prezident kimi son dəfə müraciət edirəm” ifadəsini işlədib və qərarını rəsmi şəkildə elan edib.
Redaksiya BTA-yə istinadla xəbər verir ki, Rumen Radev istefasını çərşənbə axşamı təqdim edəcəyini bildirib və vitse-prezident İliana Yotovanın dövlət başçısının səlahiyyətlərini icra edən şəxs kimi layiqli namizəd olacağına əminliyini ifadə edib.
Məlumatda qeyd olunur ki, Konstitusiyanın 97-ci maddəsinə əsasən, Respublika Prezidenti səlahiyyət müddəti başa çatmadan istefasını Konstitusiya Məhkəməsinə təqdim edə bilər. Konstitusiya Məhkəməsi müəyyən müddət ərzində prezidentin istefasının könüllü olub-olmadığını araşdırmalı və müsbət qərar verildiyi halda prezidentin səlahiyyətlərinə xitam verilməli, vitse-prezident vəzifənin icrasına başlamalıdır.
Xatırladaq ki, Rumen Radev ilk dəfə 2016-cı ilin noyabrında Bolqarıstan Prezidenti seçilib və 2017-ci ilin yanvarında vəzifəsinin icrasına başlayıb. O, 2021-ci ildə yenidən seçilərək ikinci müddət üçün dövlət başçısı postunu tutub.
