Alimlər Boliviyada Leopardus tilcayo adlı yeni vəhşi pişik növünü müəyyən ediblər. Bildirilir ki, bu, dünyada yüz ildən artıq müddətdə rəsmi şəkildə təsvir olunan ilk yeni canlı pişik növüdür. Bu barədə Reuters agentliyi məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, sözügedən heyvan Boliviyanın And dağları ilə Amazon hövzəsi arasında yerləşən Yunqas bulud meşələrində yaşayır. Tədqiqatçılar bildirirlər ki, bu pişik ilk dəfə 2016-cı ildə müşahidə olunsa da, əvvəlcə artıq məlum olan başqa bir pişik növünə aid edilib.
Daha sonra mütəxəssislər heyvanın görünüşündə fərqlər aşkar edərək genetik araşdırma aparıblar. Nəticədə onun tamamilə ayrıca növ olduğu müəyyən edilib. Araşdırmada Cənubi Amerikanın müxtəlif bölgələrindən götürülmüş nümunələr təhlil olunub və Leopardus tilcayo növünün digər yaxın qohumlarından təxminən 1,4 milyon il əvvəl ayrıldığı bildirilib.
Məlumata görə, bu pişik adi ev pişiyindən kiçikdir, açıq qəhvəyi və xallı tüklərə, dairəvi qulaqlara malikdir. Tədqiqatçılar növün sayının çox az ola biləcəyini, buna görə də onun qorunmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayırlar. Yeni növlə bağlı elmi nəticələr Current Biology jurnalında dərc olunub.
