Binance-də mümkün kiberhücum: Milyardlarla dollar mənimsənib

Binance-də mümkün kiberhücum: Milyardlarla dollar mənimsənib

Fərid Əlizadə · Media ·

Dünyanın ən böyük kriptovalyuta birjalarından biri olan Binance-in kriptocüzdanlarından 3,5 milyard dollardan çox rəqəmsal aktivin çıxarıldığı bildirilir. İrimiqyaslı köçürmələr birjaya mümkün kiberhücum barədə şübhələr yaradıb. Bu barədə Unchained və BleepingComputer nəşrləri blokçeyn əməliyyatlarının təhlilinə istinadən məlumat yayıb.

Redaksiya mənbələrə istinadən xəbər verir ki, “Binance 14” adı ilə tanınan və internetə qoşulu olan kriptocüzdandan bir əməliyyat çərçivəsində təxminən 2,53 milyard dollar dəyərində aktiv köçürülüb. Əməliyyat Ethereum şəbəkəsində həyata keçirilib və 60-dan çox müxtəlif tokeni əhatə edib.

Məlumata görə, vəsaitlər yeni yaradılmış xarici kriptocüzdana göndərilib. Həmin əməliyyatlarla əlaqələndirilən ünvanlardan birinin daha əvvəl kriptovalyuta köçürmələrinin izlənilməsini çətinləşdirən Tornado Cash xidməti vasitəsilə maliyyələşdirildiyi müəyyən edilib.

Sonrakı araşdırmalar zamanı Binance-ə aid digər kriptocüzdanlardan da böyük məbləğlərin eyni istiqamətdə köçürüldüyü aşkarlanıb. Ethereum şəbəkəsində qeydə alınan əməliyyatların ümumi dəyərinin 3,5 milyard dolları keçdiyi bildirilir.

Blokçeyn təhlükəsizliyi üzrə mütəxəssislər köçürmələrin icazəsiz həyata keçirilmiş ola biləcəyini ehtimal edirlər. Bununla belə, köçürülən bütün vəsaitlərin oğurlandığı hələlik qəti şəkildə təsdiqlənməyib.

Binance mümkün təhlükəsizlik insidentini araşdırdığını açıqlayıb. Birja istifadəçilərin vəsaitlərinin təhlükəsiz olduğunu bildirib və araşdırma müddətində depozit və vəsait çıxarılması əməliyyatlarını müvəqqəti dayandırıb.

Associated Press agentliyinin məlumatına görə, şirkət təhlükəsizlik insidentinin təsir etdiyi aktivlərin dəyərini təxminən 6,3 milyard dollar səviyyəsində qiymətləndirib. Lakin bu məbləğ təsdiqlənmiş maliyyə itkisi kimi təqdim edilmir.

Binance-in təsisçisi Çanpen Çjao hadisənin kiberhücum ola biləcəyini bildirib. Şirkət isə insidentin dəqiq səbəblərini və mümkün itkilərin həcmini müəyyənləşdirmək üçün araşdırmanı davam etdirir.