Linux istifadəçilərinə xəbərdarlıq: Kritik boşluq üçün yeniləmələr yayımlanıb

Linux istifadəçilərinə xəbərdarlıq: Kritik boşluq üçün yeniləmələr yayımlanıb

Fərid Əlizadə · Media ·

Anthropic şirkətinin Claude süni intellekt modelinin köməyi ilə Linux əməliyyat sisteminin nüvəsində kritik təhlükəsizlik boşluğundan istifadə edən hücum mexanizmi hazırlanıb. Tədqiqatçılar sınaq zamanı cəmi 53 dəqiqəyə serverdə administrator (root) səlahiyyətləri ilə əmrlər icra etməyə nail olublar. CVE-2026-98432 kodu ilə qeydə alınan boşluq CVSS şkalası üzrə 10 baldan 9,8 balla qiymətləndirilib. Bu barədə Anthropic şirkəti məlumat yayıb.

Redaksiya mənbəyə istinadən xəbər verir ki, təhlükəsizlik problemi Linux nüvəsində IPv4 üzərindən TCP bağlantılarının emalı ilə əlaqədardır. Boşluğun kökləri 2016-cı ildə istifadəyə verilmiş Linux 4.4 versiyasına qədər gedib çıxır.

Texniki araşdırmaya əsasən, problem prosessorun müxtəlif nüvələrinin eyni yaddaş sahəsinə paralel müraciəti zamanı yaranır. Bir proses yaddaşı boşaltdıqdan sonra digər prosesin həmin yaddaşdan istifadəyə davam etməsi təhlükəli vəziyyət yaradır. Kibertəhlükəsizlik sahəsində bu tip xəta “use-after-free” adlandırılır.

Anthropic-in tədqiqatçıları Claude modelindən istifadə edərək bu boşluq vasitəsilə uzaqdan sistemə müdaxilə etməyin mümkünlüyünü nümayiş etdiriblər.

Sınaq zamanı əvvəlcə Linux nüvəsinin yaddaş ünvanlarını gizlədən KASLR müdafiə mexanizmi keçilib. Bunun üçün təxminən 48 dəqiqə tələb olunub. Daha sonra əlavə beş dəqiqə ərzində sistemdə root səlahiyyətləri ilə komanda icra edilib.

Beləliklə, hücumun ümumi müddəti 53 dəqiqə təşkil edib.

Tədqiqatda çoxkanallı TCP bağlantılarını dəstəkləyən MPTCP xidmətinin aktiv olduğu Linux serverindən istifadə olunub. Hücum üçün istifadəçi hesabı, parol və ya sistem sahibinin hər hansı əməliyyat aparması tələb edilməyib.

Mütəxəssislər bildirirlər ki, bu boşluq müəyyən şəraitdə kibercinayətkarlara server üzərində yüksək səlahiyyətlər əldə etmək, məlumatlara müdaxilə etmək və sistemin fəaliyyətini pozmaq imkanı verə bilər.

Bununla belə, root səlahiyyəti ilə uzaqdan kod icrası konkret MPTCP konfiqurasiyasında nümayiş etdirilib. Bütün Linux kompüterlərinin eyni üsulla asanlıqla ələ keçirilə biləcəyi təsdiqlənməyib.

Linux tərtibatçıları təhlükəsizlik problemini aradan qaldıran düzəlişlər hazırlayıblar. Yeniləmələr nüvənin 5.10.272, 5.15.223, 6.1.190, 6.6.159, 6.12.113, 6.18.56, 7.2.10 və 7.3 versiyalarına daxil edilib.

Lakin bu, bütün Linux distributivlərinin müvafiq yeniləmələri artıq istifadəçilərə təqdim etdiyi anlamına gəlmir. Bəzi distributivlər üçün təhlükəsizlik paketlərinin hazırlanması davam edir.

Sistem administratorlarına istifadə etdikləri distributivin rəsmi təhlükəsizlik yeniləmələrini yoxlamaq, mövcud düzəlişləri quraşdırmaq və yenilənmiş nüvənin aktivləşməsi üçün sistemi yenidən başlatmaq tövsiyə olunur.

Anthropic bildirib ki, aşkar edilən təhlükəsizlik boşluğu barədə əvvəlcədən müvafiq tərtibatçılara məlumat verilib və düzəlişlər ictimai açıqlamadan əvvəl hazırlanıb.

Hazırda CVE-2026-98432 boşluğundan real kiberhücumlarda istifadə edildiyinə dair təsdiqlənmiş məlumat yoxdur.

Hadisə süni intellekt modellərinin proqram təminatındakı mürəkkəb təhlükəsizlik boşluqlarını aşkarlamaq və onların istismar imkanlarını araşdırmaq potensialını nümayiş etdirir.