Baş nazir: İngiltərə sentyabrda Fələstini tanıyacaq

Baş nazir: İngiltərə sentyabrda Fələstini tanıyacaq

Sevinc Kərimova · Siyasət ·

İngiltərənin Baş naziri Kir Starmer, Fələstin dövlətinin tanınması ilə bağlı mühüm bəyanatla çıxış edib. O bildirib ki, əgər İsrail müəyyən humanitar və diplomatik öhdəlikləri yerinə yetirməsə, Britaniya sentyabr ayında Fələstin dövlətini rəsmi şəkildə tanıya bilər.

Redaksiya xəbər verir ki, Starmer bu açıqlamanı beynəlxalq ictimaiyyətin və partiya daxilindəki təzyiqlərin artdığı bir vaxtda verib. O qeyd edib ki, İngiltərə iki dövlətli həll prinsipini dəstəkləyir və bölgədə sülhün təmin olunması üçün tərəflərin beynəlxalq hüquq normalarına əməl etməsi zəruridir.

Xatırladaq ki, son günlər ərzində həm Avropa İttifaqında, həm də ərəb ölkələrində Fələstinin tanınmasına dair çağırışlar intensivləşib. İtaliya, Fransa və Belçika da oxşar mövqelər ifadə ediblər. ABŞ isə bu təşəbbüslərə qarşı ehtiyatlı yanaşaraq, belə addımların bölgədəki silahlı qrupları təşviq edə biləcəyini bildirib.

Starmerin bu bəyanatı sentyabr ayında baş tutacaq BMT Baş Assambleyası sessiyası öncəsi diplomatik müzakirələri daha da intensivləşdirə bilər.

Sevinc Kərimova