“Bank of Baku” ASC-də vaxtı keçmiş kreditlərin həcmində əhəmiyyətli artım qeydə alınıb.
BAKU.NEWS-un bankın maliyyə göstəriciləri əsasında apardığı hesablamalara görə, 2026-cı ilin birinci yarısının sonunda 30 gündən artıq vaxtı keçmiş kreditlərin həcmi 39 milyon 93 min manat təşkil edib. 2025-ci ilin sonunda bu göstərici 30 milyon 174 min manat olub.
Beləliklə, bankın vaxtı keçmiş kreditləri altı ay ərzində 8 milyon 919 min manat və ya 29,6% artıb.
Vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi də yüksəlib. 2025-ci ilin sonunda bu göstərici 3,31% olduğu halda, 2026-cı ilin birinci yarısının sonunda 3,69%-ə çatıb.
Ən yüksək artım istehlak kreditlərində qeydə alınıb. Bu kateqoriya üzrə vaxtı keçmiş kreditlər 21 milyon 448 min manatdan 29 milyon 502 min manata yüksəlib. Beləliklə, istehlak kreditləri üzrə gecikmələr 8 milyon 55 min manat və ya 37,6% artıb.
Biznes kreditləri üzrə vaxtı keçmiş borclar 8 milyon 602 min manatdan 9 milyon 471 min manata çatıb. Bu kateqoriyada artım 10,1% təşkil edib.
Daşınmaz əmlak kreditləri üzrə isə əks dinamika müşahidə olunub. Vaxtı keçmiş kreditlərin həcmi 124 min manatdan 119 min manata düşərək 4,1% azalıb.
Bankda uzunmüddətli gecikmələrdə də artım qeydə alınıb. Belə ki, bir ildən artıq gecikmiş kreditlərin həcmi 2025-ci ilin sonundakı 5 milyon 76 min manatdan 2026-cı ilin birinci yarısının sonunda 7 milyon 518 min manata yüksəlib. Bu, 2 milyon 442 min manat və ya 48,1% artım deməkdir.
Bir ildən artıq gecikmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi də 0,56%-dən 0,71%-ə yüksəlib.
Qeyd edək ki, hesabat dövründə “Bank of Baku”nun ümumi kredit portfeli 910 milyon 697 min manatdan 1 milyard 60 milyon 788 min manata çatıb və 16,5% artıb. Beləliklə, vaxtı keçmiş kreditlərin artım tempi ümumi kredit portfelinin artım tempini üstələyib. (Plat)

"Bank of Baku"nun vaxtı keçmiş kreditləri 30%-ə yaxın artıb
Aytac Dəniz · Maliyyə ·