Bakıda ilk dəfə beynəlxalq “IRONMAN 70.3” triatlon yarışı keçiriləcək

Bakıda ilk dəfə beynəlxalq “IRONMAN 70.3” triatlon yarışı keçiriləcək

Aytac Dəniz · İdman ·

62 ölkədən iştirakçı yarışa qatılacaq

Sentyabrın 5-də Bakıda Azərbaycan idman tarixində ilk dəfə “ALUFAR IRONMAN 70.3 BAKU” triatlon yarışı keçiriləcək.

Yarış Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə baş tutacaq.

“IRONMAN 70.3” triatlon seriyasının Bakıda keçirilməsi Azərbaycan idmanında mühüm hadisələrdən biridir. Bununla Bakı beynəlxalq “IRONMAN 70.3” yarışlarına ev sahibliyi edən şəhərlər sırasına daxil olur. Yarışda 62 ölkədən idmançıların iştirakı gözlənilir. Ümumilikdə isə 1500 iştirakçının yarışa qatılacağı nəzərdə tutulur.

“IRONMAN 70.3” üzgüçülük, velosiped və qaçış mərhələlərindən ibarət beynəlxalq triatlon yarışıdır.

İştirakçıları Xəzər dənizində 1,9 kilometrlik üzgüçülük mərhələsi gözləyir. Uzunluğu 90,1 kilometr olan velosiped mərhələsi Bakının müxtəlif ərazilərindən keçərək şəhərin fərqli mənzərələrini əhatə edəcək. 21,1 kilometrlik qaçış mərhələsi isə Bakı Bulvarı boyunca təşkil olunacaq. İştirakçılar “Yeddi gözəl” fəvvarəsinin yaxınlığında finiş xəttinə çatacaqlar.

Kişi və qadın kateqoriyalarında ilk 25 yeri tutan idmançılar 2027-ci ildə ABŞ-da keçiriləcək “IRONMAN 70.3” Triatlon üzrə Dünya Çempionatına vəsiqə qazanacaqlar.

Qeyd edək ki, “IRONMAN” dünyanın ən tanınmış beynəlxalq triatlon seriyalarından biridir. İlk “IRONMAN” yarışı 1978-ci ildə Havay adalarında keçirilib.

Həmçinin, “IRONMAN” həftəsi çərçivəsində sentyabrın 4-də müxtəlif yaş qrupları üçün “IRONKIDS” və “Fun Run” qaçışları keçiriləcək. “IRONKIDS” yarışında 5–8 yaşlı uşaqlar 500 metr, 9–13 yaşlı iştirakçılar 1 kilometr, 14–17 yaşlı iştirakçılar isə 2 kilometr məsafə qət edəcəklər. 5 kilometrlik “Fun Run” qaçışında isə 18 yaşdan yuxarı şəxslər iştirak edə bilərlər.

Əsas triatlon yarışı ilə yanaşı, bu tədbirlər “IRONMAN” həftəsinin proqramını genişləndirərək müxtəlif yaş qruplarından iştirakçıları bir araya gətirəcək.

Xatırladaq ki, Bakı 2026-cı ildə ilk dəfə Dünya İdman Paytaxtı statusunu daşıyır. “ALUFAR IRONMAN 70.3 BAKU” yarışının keçirilməsi Bakının beynəlxalq idman tədbirlərinə ev sahibliyi edən şəhər kimi mövqeyini daha da möhkəmləndirir.