Azərbaycan ilə Ukrayna arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri kimi hərbi-texniki sahədə əlaqələr diqqət çəkir
Bu gün Azərbaycan ilə Ukrayna arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri kimi hərbi-texniki sahədə əlaqələrin də xüsusi əhəmiyyət daşıdığını qeyd etməliyik. Bu məsələ Dövlət başçısı cənab İlham Əliyev tərəfindən Volodimir Zelenskinin bu günlərdə ölkəmizə işgüzar səfəri zamanı mətbuata verilmiş bəyanatda xüsusi diqqət çəkən məqamlardan idi. Dövlət başçısı qeyd etmişdir ki, bu istiqamətdə tərəflər arasında ətraflı fikir mübadiləsi aparılmış və əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcudluğu təsdiqlənmişdir.
Məlum olduğu kimi həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi son illərdə dinamik inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu isə öz növbəsində müdafiə sənayesi sahəsində yeni texnologiyaların tətbiqi, istehsal imkanlarının artırılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından əlverişli zəmin yaradır. Bəyanatda xüsusilə birgə istehsal layihələrinin həyata keçirilməsi, təcrübə mübadiləsi və sənaye kooperasiyasının gücləndirilməsi istiqamətində geniş imkanların olduğu qeyd edilmişdir. Möhtərəm Prezident vurğulamışdır ki, hərbi-texniki əməkdaşlıqla yanaşı, ümumilikdə sənaye sahəsində də birgə istehsalın təşkili tərəflərin iqtisadi maraqlarına cavab verir və bu istiqamətdə konkret təşəbbüslər müzakirə olunmuşdur.
Bu cür əməkdaşlıq yalnız müdafiə qabiliyyətinin gücləndirilməsinə deyil, eyni zamanda sənaye potensialının artırılmasına, yeni iş yerlərinin yaradılmasına və texnoloji inkişafın sürətlənməsinə xidmət edir. Prezident İlham Əliyev çıxışında, həmçinin dövlət başçıları səviyyəsində keçirilən görüşlərin intensivliyinə diqqət çəkmişdir.
Qeyd olunmuşdur ki, son dörd il ərzində yeddi dəfə görüşün keçirilməsi, o cümlədən sonuncu görüşün Münxen şəhərində baş tutması Azərbaycan-Ukrayna münasibətlərinin yüksək dinamika ilə inkişaf etdiyini göstərir. Bu görüşlər qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, strateji məsələlər üzrə koordinasiyanın artırılmasına və əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsinə mühüm töhfə verir. Xüsusi qeyd edilməlidir ki, Azərbaycan ilə Ukrayna arasında münasibətlər qarşılıqlı hörmət, etimad və milli maraqların nəzərə alınması prinsipləri üzərində qurulmuşdur. Bu yanaşma tərəfdaşlığın davamlı və etibarlı olmasını təmin edir. Şübhə yoxdur ki, Volodimir Zelenskinin Azərbaycana həyata keçirdiyi bu səfər iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinə, mövcud əməkdaşlığın genişlənməsinə və yeni perspektivlərin açılmasına mühüm töhfə verəcəkdir.
Cəmalə Məmmədova
Neftçala rayonu
