Rusiya hücumkar siyasətini davam etdirərsə, Bakı Ukraynaya silah və sursat tədarükünə qoyulan embarqonu aradan qaldırmağı müzakirəyə çıxara bilər. Bu haqda “Caliber” xəbər saytı iddia irəli sürüb.
Redaksiya xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi məsələyə sərt reaksiya göstərərək, belə bir addımın münaqişənin həllinə kömək etməyəcəyini, əksinə vəziyyəti daha da gərginləşdirəcəyini açıqlayıb.
Məsələ ilə bağlı Azərbaycan millət vəkilləri Hikmət Babaoğlu və Elman Nəsirov Türkiyənin gdh nəşrinə açıqlama veriblər. Onlar bildiriblər ki, Azərbaycanın xarici siyasətində əsas prinsip beynəlxalq hüquq və dövlətlərin ərazi bütövlüyünün qorunmasıdır.
Babaoğlu qeyd edib ki, hazırda belə bir plan mövcud deyil, lakin şərtlər dəyişərsə, bu məsələ gündəmə gələ bilər. O xatırladıb ki, Azərbaycan 30 il ərzində ərazi bütövlüyünün pozulmasından əziyyət çəkdiyi üçün hər zaman bu prinsipin müdafiəçisi olub.
Nəsirov isə deyib ki, uzun illər müharibə yaşamış Azərbaycan müharibə şəraitində olan ölkəyə humanitar yardım göstərməkdən imtina edə bilməz.
Millət vəkilləri həmçinin vurğulayıblar ki, Rusiya bəzən Azərbaycanın maraqlarını nəzərə almır və bu, Bakıda haqlı narazılıq doğurur. Bununla belə, hazırda silah tədarükü məsələsi gündəmdə deyil.
Sevinc Kərimova
