Azərbaycanın enerji resurslarının Avropa bazarlarına çıxarılmasında İtaliya mühüm rol oynayır

Azərbaycanın enerji resurslarının Avropa bazarlarına çıxarılmasında İtaliya mühüm rol oynayır

Sevinc Kərimova · Siyasət ·

Bu gün Azərbaycan ilə İtaliya arasında siyasi əlaqələr ən yüksək səviyyəyə çatmış və qarşılıqlı etimada əsaslanan möhkəm tərəfdaşlıq modeli formalaşmışdır. İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin 4 may tarixində Azərbaycana səfəri zamanı bəyanat verən Ölkə başçısı cənab İlham Əliyev qeyd etmişdir ki, iki ölkə arasında olan yüksək səviyyəli siyasi dialoq digər sahələrdə əməkdaşlığın inkişafı üçün də etibarlı zəmin yaradır və münasibətlərin davamlı şəkildə genişlənməsinə xidmət edir. Bu gün iki ölkə arasında iqtisadi və ticarət əlaqələri də dinamik inkişaf edir. İtaliya uzun illərdir Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı kimi çıxış edir və bu göstərici iki ölkə arasında iqtisadi münasibətlərin gücünü aydın şəkildə nümayiş etdirir.

2025-ci ildə ticarət dövriyyəsinin təxminən 12 milyard dollar təşkil etməsi əməkdaşlığın miqyasını və potensialını əks etdirən mühüm göstəricidir. Bu göstərici yalnız mövcud əməkdaşlığı deyil, həm də gələcəkdə ticarət dövriyyəsinin daha da artacağına dair güclü perspektivləri ortaya qoyur. Dövlət başçısı xüsusi olaraq energetika sahəsində tərəfdaşlığı qeyd edərək vurğulamışdır ki, bu istiqamət Azərbaycan-İtaliya əlaqələrinin əsas sütunlarından biridir. Uzun illər ərzində tərəflər bu sahədə etibarlı və strateji tərəfdaş kimi çıxış edərək qarşılıqlı maraqlara əsaslanan layihələr həyata keçirmişlər. Azərbaycanın enerji resurslarının Avropa bazarlarına çıxarılmasında İtaliya mühüm rol oynayır və bu əməkdaşlıq Avropanın enerji təhlükəsizliyinə ciddi töhfə verir.

Möhtərəm Prezident qeyd etmişdir ki, Azərbaycan hazırda İtaliyanın neft təchizatında ikinci yeri tutur və bu fakt ölkəmizin qlobal enerji bazarında əhəmiyyətli mövqeyə malik olduğunu bir daha təsdiqləyir. Eyni zamanda, qaz təchizatı sahəsində də Azərbaycan İtaliyanın əsas tərəfdaşlarından biridir və burada da ikinci mövqedə qərarlaşır. Bu göstəricilər enerji sahəsində qarşılıqlı etimadın, davamlı əməkdaşlığın və strateji tərəfdaşlığın real nəticələrini əks etdirir. Ölkələrimiz arasında siyasi, iqtisadi və enerji sahələrində əldə olunan bu uğurlar Azərbaycan ilə İtaliya arasında münasibətlərin gələcəkdə daha da dərinləşəcəyinə, yeni layihələrin həyata keçiriləcəyinə və əməkdaşlığın daha geniş sahələri əhatə edəcəyinə güclü zəmin yaradır.

Könül İsmayılova;
Neftçala rayonu