Azərbaycanın beynəlxalq nüfuzunun və geosiyasi mövqeyinin möhkəmlənməsində yeni mərhələ - ŞƏRH

Azərbaycanın beynəlxalq nüfuzunun və geosiyasi mövqeyinin möhkəmlənməsində yeni mərhələ - ŞƏRH

Aytac Dəniz · Siyasət ·

Şuşanın işğaldan azad edilməsi Azərbaycanın müasir tarixində yalnız hərbi-siyasi qələbə deyil, həm də Cənubi Qafqazın geosiyasi reallıqlarını dəyişdirən mühüm hadisə kimi qiymətləndirilməlidir. 2020-ci il noyabrın 8-də əldə edilən bu tarixi nailiyyət Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqelərinin möhkəmlənməsinə və regional proseslərdə rolunun artmasına ciddi təsir göstərdi.

Uzun illər davam edən Ermənistan-Azərbaycan münaqişəsinin hərbi mərhələsinin Azərbaycanın qələbəsi ilə nəticələnməsi regionda yeni siyasi reallıqlar formalaşdırdı. Bu qələbə Azərbaycan dövlətinin milli maraqlarını müdafiə etmək əzmini, siyasi iradəsini və strateji düşüncə qabiliyyətini nümayiş etdirdi.

Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsində həlledici amillərdən biri oldu. Şuşanın azad edilməsi eyni zamanda Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyinin tarixi baxımdan təsdiqi kimi xüsusi əhəmiyyət daşıdı. Müharibədən sonrakı dövrdə Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri əldə olunmuş hərbi-siyasi üstünlüyü davamlı sülhə və regional əməkdaşlığa çevirmək oldu. Azərbaycan regionda yeni təhlükəsizlik arxitekturasının formalaşdırılmasında aparıcı aktor kimi çıxış etməyə başladı. Nəqliyyat-kommunikasiya xətlərinin açılması, iqtisadi əlaqələrin genişləndirilməsi və qarşılıqlı əməkdaşlıq mexanizmlərinin yaradılması regional inkişafın əsas istiqamətləri kimi müəyyənləşdirildi. Bu kontekstdə Zəngəzur dəhlizi məsələsi Azərbaycanın strateji nəqliyyat və logistika imkanlarının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın Şərqlə Qərb arasında mühüm tranzit mərkəzi kimi mövqeyinin gücləndirilməsi ölkənin iqtisadi və geosiyasi maraqlarına tam uyğundur. Eyni zamanda, Türkiyə ilə müttəfiqlik münasibətlərinin inkişafı regional təhlükəsizlik və əməkdaşlıq baxımından mühüm strateji üstünlük yaradır. Türk dünyası dövlətləri ilə əlaqələrin genişləndirilməsi isə Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə əlavə imkanlar açır. Şuşanın beynəlxalq mədəniyyət və diplomatiya mərkəzinə çevrilməsi də Azərbaycanın xarici siyasət strategiyasında mühüm yer tutur. Şəhərdə keçirilən beynəlxalq tədbirlər, mədəniyyət festivalları və müxtəlif diplomatik görüşlər Azərbaycanın zəngin tarixi-mədəni irsinin dünyaya təqdim edilməsinə xidmət edir.

Şuşanın 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı seçilməsi onun beynəlxalq əhəmiyyətini daha da artırdı. Bu status Azərbaycanın ortaq türk mədəni irsinin qorunması və təbliği istiqamətində təşəbbüskar mövqeyini nümayiş etdirdi. Digər tərəfdən, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri Azərbaycanın beynəlxalq ictimaiyyətə müasir inkişaf modeli təqdim etdiyini göstərir. Qarabağda həyata keçirilən layihələr ölkəmizin iqtisadi potensialını, investisiya imkanlarını və regional əməkdaşlığa açıq olduğunu nümayiş etdirir. Azərbaycanın xarici siyasətində mühüm prioritetlərdən biri əldə olunmuş suverenliyin və ərazi bütövlüyünün beynəlxalq müstəvidə möhkəmləndirilməsidir. Bu məqsədlə ölkəmiz beynəlxalq təşkilatlarla əməkdaşlığı, ikitərəfli münasibətləri və regional tərəfdaşlıqları ardıcıl şəkildə inkişaf etdirir. Eyni zamanda, Cənubi Qafqazda uzunmüddətli sülhün təmin olunması Azərbaycanın milli maraqlarına uyğun əsas strateji hədəflərdən biri olaraq qalır. Şuşa Zəfəri sübut etdi ki, güclü dövlətçilik, iqtisadi müstəqillik, milli birlik və prinsipial xarici siyasət beynəlxalq münasibətlərdə mühüm üstünlüklər yaradır.

Bu gün Şuşa Azərbaycanın yalnız tarixi qələbəsinin deyil, həm də regional nüfuzunun, diplomatik iradəsinin və gələcəyə hesablanmış strateji baxışının rəmzidir. Şuşanın azadlığı ilə başlayan yeni mərhələ Azərbaycanın Cənubi Qafqazda dayanıqlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın formalaşmasında aparıcı rolunu daha da gücləndirmək potensialına malikdir.

Bakir Kərimov
Neftçala rayonu