Azərbaycan və Qazaxıstan Orta Dəhlizin inkişafını müzakirə edib

Azərbaycan və Qazaxıstan Orta Dəhlizin inkişafını müzakirə edib

Aytac Dəniz · İqtisadiyyat ·

Azərbaycan və Qazaxıstan Orta Dəhlizin inkişafını müzakirə edib.

Bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" hesabında paylaşım edib.

"Qazaxıstan Respublikasının Prezident Administrasiyası rəhbərinin müavini Asel Janasova ilə görüş keçirdik.

Görüş zamanı Azərbaycan və Qazaxıstan arasında nəqliyyat, logistika və rəqəmsal infrastruktur sahələrində əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivlərini müzakirə etdik.

Orta Dəhlizin inkişafı, onun rəqabətqabiliyyətinin artırılması, liman və nəqliyyat infrastrukturunun gücləndirilməsi, rəqəmsal platformaların tətbiqinin genişləndirilməsi, avtomobil yükdaşımalarının asanlaşdırılması və yeni bərə layihəsinin həyata keçirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi apardıq", - paylaşımda qeyd edilib.

Qeyd edək ki, Orta Dəhlizin inkişafı beynəlxalq təşkilatlar tərəfindən də Avrasiya ticarətinin gələcəyi baxımından mühüm istiqamət kimi qiymətləndirilir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) Trend-ə bildirib ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı Avropa ilə Asiya arasında ticarət əlaqələrinin daha da gücləndirilməsi üçün geniş imkanlar yaradır.

"İnfrastrukturun təkmilləşdirilməsi, sərhəd prosedurlarının sadələşdirilməsi və regional əməkdaşlığın dərinləşdirilməsi sayəsində Qazaxıstan daha səmərəli, dayanıqlı və etibarlı ticarət marşrutlarının formalaşmasına töhfə verə, eyni zamanda Avrasiyanın əsas logistika qovşaqlarından biri kimi mövqeyini möhkəmləndirə bilər", – deyə İƏİT-dən bildirilib.

Təşkilat həmçinin vurğulayıb ki, Qazaxıstan İƏİT üçün strateji tərəfdaş və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq baxımından mühüm platformadır. Bildirilib ki, nəqliyyat bağlantıları, kritik xammal, "yaşıl" inkişaf, dayanıqlı infrastruktur və dövlət idarəçiliyi sahələrində əməkdaşlığın genişləndirilməsi üçün əhəmiyyətli potensial mövcuddur.

Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) Çini Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropa ilə birləşdirən beynəlxalq ticarət və nəqliyyat marşrutudur. Bu dəhliz Şərq-Qərb istiqamətində yükdaşımalarının daha sürətli və etibarlı həyata keçirilməsi baxımından ənənəvi marşrutlara alternativ hesab olunur.