Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir

Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir

Aytac Dəniz · Media ·

Möhtərəm Prezident cənab İlham Əliyevin bu günlərdə dost Gürcüstana dövlət səfəri çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycan ilə Gürcüstan arasında iqtisadi əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini və getdikcə daha geniş miqyas aldığını aydın şəkildə nümayiş etdirir.

Dövlət başçısının vurğuladığı rəqəmlər və perspektivlər göstərir ki, iki ölkə arasında iqtisadi münasibətlər təkcə mövcud vəziyyətlə məhdudlaşmır, eyni zamanda gələcək üçün böyük potensial vəd edir.

Qeyd edildiyi kimi, ötən il ticarət dövriyyəsinin 800 milyon ABŞ dollarını ötüb keçməsi və cari ilin ilk rübündə də artım tempinin yüksək olaraq qalması Azərbaycan–Gürcüstan iqtisadi əlaqələrinin dinamik inkişafından xəbər verir. Bu artım tendensiyası onu göstərir ki, hər iki ölkənin iqtisadi siyasəti qarşılıqlı şəkildə bir-birini tamamlayır və ticarət əlaqələri sağlam əsaslar üzərində qurulub. Ölkə başçısının qeyd etdiyi kimi, mövcud dinamika davam edərsə, ilin sonuna qədər ticarət dövriyyəsinin 1 milyard dollar həddini keçməsi real və əldə oluna bilən hədəf kimi görünür. Bu isə öz növbəsində iqtisadi əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir. İki ölkə arasında iqtisadi əlaqələrin inkişafında investisiya əməkdaşlığı xüsusi yer tutur. Gürcüstanda formalaşmış əlverişli və şəffaf sərmayə mühiti Azərbaycan investorları üçün geniş imkanlar açır. Bu müsbət investisiya iqlimi nəticəsində Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına yatırılan sərmayələrin həcmi artıq 3,7 milyard ABŞ dollarına çatmışdır.

Bu göstərici Azərbaycanın Gürcüstan iqtisadiyyatında ən böyük xarici investorlardan biri olduğunu təsdiqləyir və eyni zamanda iki ölkə arasında yüksək etimadın bariz nümunəsidir. Azərbaycan sərmayələrinin Gürcüstanda əsasən enerji, nəqliyyat, infrastruktur, bank və xidmət sektorlarına yönəldilməsi bu əməkdaşlığın strateji xarakter daşıdığını göstərir. Qoyulan investisiyalar yalnız iqtisadi gəlir əldə etmək məqsədi daşımır, eyni zamanda regionda iqtisadi sabitliyin və inkişafın təmin olunmasına xidmət edir. Bu baxımdan Azərbaycan investorlarının fəaliyyəti Gürcüstanın iqtisadi inkişafına mühüm töhfə verməklə yanaşı, iki ölkə arasında qarşılıqlı asılılığı və tərəfdaşlığı daha da gücləndirir. Cənab Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan məqamlardan biri də yeni investisiya layihələri ilə bağlı aparılan müzakirələrdir. Bu, onu göstərir ki, tərəflər mövcud əməkdaşlıqla kifayətlənmir, əksinə, onu daha da genişləndirmək və yeni istiqamətlər üzrə inkişaf etdirmək niyyətindədirlər. Həm Azərbaycanda, həm də Gürcüstanda həyata keçirilə biləcək yeni layihələr iqtisadi əlaqələrin şaxələndirilməsinə və daha dayanıqlı hala gəlməsinə xidmət edəcəkdir. Bundan əlavə, gələcəkdə üçüncü ölkələrdə birgə investisiya qoyuluşu imkanlarının nəzərdən keçirilməsi Azərbaycan–Gürcüstan əməkdaşlığının artıq regional çərçivədən çıxaraq beynəlxalq miqyas almağa başladığını göstərir. Bu yanaşma iki ölkənin yalnız tərəfdaş deyil, həm də ortaq iqtisadi maraqlara malik strateji müttəfiqlər kimi çıxış etdiyini nümayiş etdirir. Üçüncü ölkələrdə həyata keçiriləcək birgə layihələr həm iqtisadi səmərəliliyi artıracaq, həm də Azərbaycan və Gürcüstanın beynəlxalq iqtisadi arenadakı mövqelərini möhkəmləndirəcəkdir. Ümumilikdə, məhtərəm Prezident cənab İlham Əliyevin dövlət səfəri çərçivəsində verdiyi bəyanat göstərir ki, Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir, qarşılıqlı etimad və fayda prinsiplərinə əsaslanaraq, gələcək üçün daha geniş perspektivlər açır. Bu əməkdaşlıq modeli region üçün nümunəvi hesab oluna bilər və iqtisadi inteqrasiyanın uğurlu nümunəsi kimi çıxış edir. İki ölkə arasında formalaşmış bu güclü iqtisadi tərəfdaşlıq, şübhəsiz ki, yaxın illərdə daha da möhkəmlənəcək və yeni nailiyyətlərlə zənginləşəcəkdir.

Esmira Məmmədzadə
Neftçala rayonu