Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai şura gündəlik fəaliyyətini işğaldan azad edilmiş ərazilərdə həyata keçirən şəxslərə, eləcə də doğma yurdlarına qayıdan əhaliyə xəbərdarlıq edib.
Bu barədə qurum üzvlərinin apardığı müzakirələrin yekun nəticəsi olaraq ictimaiyyətə yaydıqları açıqlamada qeyd olunub.
Bildirilib ki, son günlər işğaldan azad edilmiş ərazilərdə ardıcıl olaraq baş verən mina hadisələri ciddi narahatlıq doğurur:
"Yeni ilin ilk günlərində artıq ikinci mina hadisəsi qeydə alınıb. İkinci Qarabağ müharibəsindən sonra ötən dövr ərzində 417 nəfər mina və partlamamış hərbi sursatların partlayışı nəticəsində həlak olub və ya müxtəlif dərəcəli bədən xəsarətləri alıb".
Məlumata əsasən, bu gün mina təhlükəsizliyinin təmin edilməsi istiqamətində dövlət tərəfindən müvafiq kompleks işlər davam etdirilir:
"Hesab edirik ki, mina təhlükəsinin qarşısının alınmasında yalnız dövlət qurumlarının deyil, hər bir vətəndaşın məsuliyyətli davranışı həlledici əhəmiyyət daşıyır. İnanırıq ki, təhlükəsizlik qaydalarına əməl etmək insan həyatını qorumağın ən etibarlı yoludur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, regionda istisnasız olaraq hər kəsi yalnız icazə verilmiş və təmizlənmiş ərazilərdə fəaliyyət göstərməyə, xəbərdarlıq nişanlarına ciddi yanaşmağa, şübhəli əşya və ya mina riski olan hallarla rastlaşdıqda dərhal aidiyyəti qurumlara məlumat verməyə çağırırıq.
Dünyada insan həyatının qorunmasından qiymətli heç nə yoxdur. Yaddan çıxarmayaq ki, mina təhlükəsinə laqeyd yanaşma yeni faciələrə yol aça bilər", - deyə məlumatda vurğulanıb.
