Avropa ölkələri Qəzzaya havadan yardım göndərdi, Trampdan xəbərdarlıq

Avropa ölkələri Qəzzaya havadan yardım göndərdi, Trampdan xəbərdarlıq

Sevinc Kərimova · Siyasət ·

Almaniya, İspaniya, Fransa və Belçika Qəzza zolağında davam edən humanitar böhranla əlaqədar birgə yardım əməliyyatı həyata keçiriblər.

Redaksiya xəbər verir ki, sözügedən ölkələr Qəzzaya hava yolu ilə — paraşüt vasitəsilə — yardımlar atıblar. Əməliyyatın məqsədi bölgədə aclıq və dərman çatışmazlığından əziyyət çəkən mülki əhaliyə təcili dəstək göstərməkdir.

Fransa prezidenti Emmanuel Makron məsələ ilə bağlı açıqlamasında bildirib: “Qəzzadakı fövqəladə vəziyyətə qarşı hava yardımı əməliyyatı həyata keçirdik. Lakin bu kifayət deyil. İsrail Qəzzaya tam humanitar çıxış imkanı tanımalıdır, çünki bölgə aclıq riski ilə üz-üzədir.”

ABŞ prezidenti Donald Tramp isə yardım məsələsinə fərqli aspektdən yanaşıb. O deyib: “Qəzzada insanların qida ilə təmin olunduğundan əmin olmaq istəyirik. Amma HƏMAS-ın bu yardımları oğurlaması ilə bağlı narahatlığımız var. Netanyahunu bacarıqlı bir lider kimi tanıyıram. Yaxşı idarəetmə bu oğurluğun qarşısını ala bilər. Ümid edirəm ki, israillilər bu məsələyə nəzarət edə biləcək.”

Qeyd edək ki, Qəzza zolağında aylardır davam edən müharibə və blokada bölgədə ciddi humanitar böhran yaradıb. BMT və digər beynəlxalq qurumlar dəfələrlə Qəzzaya fasiləsiz və tam humanitar yardım çağırışı ediblər.

Sevinc Kərimova