Avropa Mərkəzi Bankının (ECB) idarə heyətinin üzvü Piero Çipollone, nağd pulun dövriyyədən çıxmasının artıq qaçılmaz olduğunu bəyan edib. O, rəqəmsal avronun tətbiqinin sürətləndirilməsi istiqamətində təcili addımlar atılacağını bildirib.
Redaksiya mənbəyə istinadən xəbər verir ki, Çipollone çıxışında rəqəmsal ödəniş infrastrukturunun qurulmasının sadəcə texnoloji deyil, həm də iqtisadi təhlükəsizlik və şəffaflıq baxımından zəruri olduğunu vurğulayıb:
“Avropada ödənişlərin gələcəyi rəqəmsal platformalar üzərində qurulacaq. Biz vətəndaşlara nəzarət altında, təhlükəsiz və şəffaf rəqəmsal valyuta təqdim etməliyik.”
ECB rəsmisi əlavə edib ki, rəqəmsal avronun pilot tətbiqləri 2026-cı ilə qədər bəzi üzv ölkələrdə reallaşdırılacaq. Bu valyuta yalnız banklar üçün deyil, gündəlik alış-veriş və şəxsi ödənişlərdə də istifadə ediləcək.
Xatırladaq ki, bir sıra Aİ ölkələrində – xüsusilə Skandinaviya və Benilüks bölgələrində – nağd ödənişlərin rolu son illərdə əhəmiyyətli dərəcədə azalıb. Rəqəmsal iqtisadiyyat artıq Avropanın yeni norması olmağa doğru irəliləyir.
Fərid Əlizadə
