Avropa liderləri Polşaya tam dəstək vəd ediblər

Avropa liderləri Polşaya tam dəstək vəd ediblər

Nizami Salmanov · Media ·

Polşanın Baş naziri Donald Tusk ölkənin hava məkanının pozulması ilə bağlı Avropa dövlətlərinin liderləri ilə əlaqə saxladığını açıqlayıb. Onun sözlərinə görə, danışıqlar apardığı bütün liderlər Polşa ilə tam həmrəylik nümayiş etdirərək mümkün yardımı göstərməyə hazır olduqlarını bildiriblər.

Redaksiya xəbər verir ki, Polşa hakimiyyəti Rusiyanın Ukraynaya endirdiyi genişmiqyaslı zərbələr zamanı “Kh-101” qanadlı raketinin ölkə ərazisinə daxil olduğunu bildirib. Hadisə nəticəsində insan itkisi və ciddi dağıntı barədə məlumat verilməyib, raketin düşdüyü ərazidə araşdırma aparılır.

Tusk hadisəni Polşanın və bütövlükdə NATO-nun təhlükəsizliyinə qarşı ciddi təhdid kimi qiymətləndirib. NATO isə müttəfiq ölkələrin ərazisini qorumaq üçün bütün zəruri tədbirləri görməyə hazır olduğunu açıqlayıb.

Fransa, Avropa İttifaqı və digər tərəfdaşların rəhbərləri hava məkanının pozulmasını pisləyərək Varşavaya dəstəklərini ifadə ediblər. Polşa hökuməti hadisənin bütün detallarını müəyyənləşdirmək üçün ABŞ, Ukrayna və NATO strukturları ilə koordinasiyalı şəkildə işləyir.