Avropa Komissiyası sədri yekdil səsvermədən imtina çağırışı etdi

Avropa Komissiyası sədri yekdil səsvermədən imtina çağırışı etdi

Könül Məmmədova · Media ·

Avropa Komissiyasının sədri Ursula fon der Leyen Avropa İttifaqında yekdil səsvermə prinsipinin mərhələli şəkildə aradan qaldırılmalı olduğunu bildirib.

Redaksiya xəbər verir ki, fon der Leyen xüsusilə xarici siyasət və genişlənmə məsələlərində qərarların “ixtisaslı səs çoxluğu” ilə qəbul edilməsinin vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, Macarıstandakı siyasi dəyişikliklərin yaratdığı fürsətdən istifadə olunmalı və Aİ sistemində uzun müddətdir müzakirə edilən veto problemi həll edilməlidir.

Hazırda Aİ-nin bir sıra mühüm qərarlarında bütün üzv ölkələrin razılığı tələb olunur. Bu isə bəzən bir ölkənin bütün ittifaqın qərarını bloklamasına imkan yaradır.

Yeni model qüvvəyə minərsə, kiçik və ya ayrı mövqe tutan ölkələrin Aİ qərarlarını təkbaşına dayandırmaq imkanları zəifləyə bilər.

Bu dəyişiklik Türkiyənin Aİ-yə üzvlük prosesi baxımından da önəmli ola bilər. Çünki Ankara üçün ən böyük siyasi maneələrdən biri ayrı-ayrı üzv ölkələrin veto imkanından istifadə etməsidir.

Bununla belə, belə bir dəyişiklik üçün Aİ daxilində geniş siyasi razılıq tələb olunur. Bir çox ölkə veto hüququnu milli suverenliyin əsas alətlərindən biri hesab edir.