Audi 2026-cı ildən Formula-1 yarışlarında rəsmi olaraq iştirak etmək məqsədilə tamamilə öz komponentlərindən hazırladığı yeni bolidini təqdim edib. Şirkət mühəndislərinin sıfırdan yığdığı avtomobil yüksək texniki xüsusiyyətləri ilə diqqət çəkir.
Redaksiya xəbər verir ki, təqdim olunan bolid 1,6 litr həcmində V6 mühərriki ilə təchiz olunub və 1005 at gücü hasil edir. Alman istehsalçısı layihəyə böyük əhəmiyyət verdiyini bildirərək F1 proqramını uzunmüddətli strategiyanın əsas elementlərindən biri kimi qiymətləndirir.
Audi bu məqsədlə Stake F1 Team Kick Sauber komandasını satın alıb və yeni bolidlə 2030-cu ilədək çempionluq qazanmağı hədəfləyir. Şirkət komandaya inteqrasiya prosesinin davam etdiyini və gələcək mövsümlərdə rəqabət qabiliyyətinin yüksəldiləcəyini bəyan edir.
Mütəxəssislər yeni proqramın Formula-1-də güc balansını dəyişdirə biləcəyini, Audi-nin isə yüksək mühəndislik imkanları sayəsində qısa müddətdə ön sıralarda qərarlaşmaq potensialına malik olduğunu bildirirlər.
