Çoxəsrlik tariximizin ən parlaq səhifələrinin yazıldığı 44 günlük Vətən Müharibəsi zamanı düşmən üzərində qazanılan hərbi-siyasi Qələbə otuz illik Vətən həsrətimizə son qoydu. Bu tarixi Zəfər eyni zamanda müasir Azərbaycanın gücünü, qüdrətini dünyaya nümayiş etdirdi. Dövrün ən müasir döyüş əməliyyatlarını aparan Azərbaycanın qısa zaman kəsiyində daha bir genişmiqyaslı tədbirlərə start verməsi dünyanı yenidən heyrətləndirdi. Belə ki, müharibədən qısa müddət sonra ermənilər tərəfindən dəhşətli vandalizmə, vəhşiliyə məruz qalmış əzəli və əbədi torpaqlarında sürətli bərpa-quruculuq prosesinə start verildi. “Böyük Qayıdış” konsepsiyası qəbul edilərək bu istiqamətdə bütün zəruri sosial-infrastruktur sahələrinin yaradılmasına başlanıldı. Bu məqsədlə 30 ilə yaxın müddətdə tənəzzülə uğramış, yalnız mənfur, çirkin niyyətlər üçün istifadə edilmiş, talanmış, ərazilərimizdə yeni yollar, kommunikasiya xəttləri çəkilməyə başlanmış, ağıllı kənd və şəhərlər layihələri icra edilmiş məktəblər, xəstəxanalar tikilmiş, elektrik stansiyaları qurulmuşdur. Qeyd edək ki, bu proses bu gün də davamlı və sürətli şəkildə icra edilir.
Bir sözlə, regionun tez bir zamanda dirçəlməsi və inkişafı üçün dövlətimiz tərəfindən lazımi işlər görülür. Ən əsası isə görülən işlər, bərpa-quruculuq prosesi xarici qrant və yardımlar hesabına deyil, yalnız daxili imkanlar hesabına həyata keçirilir. Bu gün parlaq inkişafı ilə seçilən rayonlarımızdan biri Laçındır. Kifayət qədər əhəmiyyətli strateji mövqedə yerləşən Laçın əsarət illərində ciddi dağıntılara məruz qalmışdı. Rəsmi İrəvan işğal dövründə Laçında daha bir cinayətə yol vermişdi. Belə ki, xarici ölkələrdə yaşayan erməni əsilli şəxslərin buraya köçürülməsi onların çirkin niyyətlərinin bir hissəsi idi. Lakin zaman göstərdi ki, haqq, ədalət bir gün öz yerini tutacaqdır. Artıq bir zamanlar düşmən tapdağında inləyən əzəli yurdlarımız azaddır.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 31 iyul 2023-cü ildə azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi ilə bağlı tarixi Sərəncamı böyük məqsədlər naminədir. Sərəncama əsasən, 26 avqust tarixi Laçın şəhəri günü kimi təsis edilib. Artıq üçüncü ildir ki, Laçın şəhər günü təntənəli şəkildə qeyd olunur. Bu gün Vətənini sevən hər kəs Dövlətimizin uğurlarına sevinir.
Gülmirə Səfərova;
Neftçala rayonu
