Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) əsas səhmdarı olduğu “Kaspian Drilinq Kompani Limited” MMC (Caspian Drilling Company – CDC) 2025-ci ili 62,13 milyon ABŞ dolları xalis mənfəətlə başa vurub. Bu, 2024-cü ildə qeydə alınmış 67,12 milyon dollarlıq mənfəətdən 7,4% azdır. Şirkətin balansında bölüşdürülməmiş mənfəət isə 18,4% artaraq 338,49 milyon dollardan 400,62 milyon dollara yüksəlib.
Redaksiya bunu şirkətin illik audit hesabatına istinadən xəbər verir ki, şirkətin illik gəlirləri 1,2% artaraq 201,15 milyon dollara çatıb. Satışın maya dəyəri 8,5% azalaraq 126,55 milyon dollar təşkil edib. Nəticədə ümumi mənfəət 23,1% artaraq 74,60 milyon dollara, əməliyyat mənfəəti isə 15,7% artaraq 73,39 milyon dollara yüksəlib. Ümumi və inzibati xərclər 24,3% artaraq 14,71 milyon dollara çatıb, digər əməliyyat gəlirləri isə 49,8% azalaraq 11,46 milyon dollara düşüb. Vergidən əvvəlki mənfəət 23,1% artaraq 78,99 milyon dollar olsa da, 2024-cü ildə qeydə alınan 2,98 milyon dollarlıq mənfəət vergisi faydası 2025-ci ildə 16,85 milyon dollarlıq vergi xərci ilə əvəz olunub.
2025-ci ilin sonunda “Caspian Drilling Company”nin cəmi aktivləri 9,4% artaraq 834,47 milyon dollara, öhdəlikləri 6,8% artaraq 147,55 milyon dollara, kapitalı isə 9,9% artaraq 686,92 milyon dollara çatıb. Şirkətin pul vəsaitləri və onların ekvivalentləri 3,3% artaraq 242,11 milyon dollar, ticarət və digər debitor borcları 14,1% artaraq 46,27 milyon dollar, ehtiyatları isə 6,6% artaraq 58,81 milyon dollar təşkil edib. Ticarət və digər kreditor borcları 47,2% artaraq 28,78 milyon dollara yüksəlib. Bank depozitlərinin qısamüddətli hissəsi isə 14,4% azalaraq 27,39 milyon dollara enib.
Şirkətin uzunmüddətli aktivləri 108,6% artaraq 441,86 milyon dollara yüksəlib, qısamüddətli aktivləri isə 28,8% azalaraq 392,61 milyon dollara düşüb. Əlaqəli tərəfə verilmiş 175,63 milyon dollarlıq kredit uzunmüddətli aktivlərdə əks etdirilib. Bu kreditin 2024-cü ilin sonunda 172,05 milyon dollarlıq hissəsi qısamüddətli aktivlərdə göstərilmişdi. Əsas vəsaitlər 31,2% artaraq 152,27 milyon dollara, istifadə hüququ üzrə aktivlər 98,5% artaraq 73,34 milyon dollara çatıb. Uzunmüddətli öhdəliklər 7,74 milyon dollardan 66,30 milyon dollara yüksəlib, qısamüddətli öhdəliklər isə 37,7% azalaraq 81,25 milyon dollara enib. Şirkətin əsas vəsaitlərin alınmasına yönəltdiyi vəsait 74,9% artaraq 61,50 milyon dollar təşkil edib. Əməliyyat fəaliyyətindən xalis pul axını isə 19,6% azalaraq 109,74 milyon dollara düşüb.
“Caspian Drilling Company” 1996-cı ildə SOCAR və ABŞ-nin “Santa Fe Inc.” şirkəti tərəfindən yaradılıb. Xəzər dənizində neft-qaz quyularının qazılması xidmətlərini həyata keçirən şirkətin nizamnamə kapitalı 285,85 milyon ABŞ dollarıdır. Şirkətin səhmdarları SOCAR (92,44%) və Sinqapurda qeydiyyatdan keçmiş “Union Grand Energy PTE LTD” (7,56%) şirkətidir.
Banker
