“Xəzər Yaşıl Enerji Dəhlizi” layihəsi hazırda texniki-iqtisadi əsaslandırmanın hazırlanması mərhələsindədir. İtaliyanın CESI şirkətinin tərəfdaşları ilə birgə həyata keçirdiyi tədqiqatın Asiya İnkişaf Bankı (ADB) və Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) vasitəsilə ayrılan maliyyə dəstəyi ilə 2027-ci ilin mayında tamamlanması nəzərdə tutulur.
Bu barədə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Kamal Hacıyev mətbuata müsahibəsində bildirib.
Onun sözlərinə görə, layihə Özbəkistan və Qazaxıstanın enerji sistemlərinin Xəzər dənizi üzərindən Azərbaycanla əlaqələndirilməsini və yaşıl elektrik enerjisinin Azərbaycan vasitəsilə Avropaya ötürülməsini hədəfləyir. Dəqiq marşrut texniki-iqtisadi əsaslandırma çərçivəsində müəyyənləşdiriləcək.
Layihədə Azərbaycanın əsas rolu nədən ibarət olacaq və ölkəmizin mövcud enerji tranziti mövqeyini necə genişləndirəcək?
“Xəzər Yaşıl Enerji Dəhlizi” layihəsində Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında yaşıl enerjinin ötürülməsini təmin edən regional enerji qovşağı rolunu oynayacaq. Layihə, həmçinin Azərbaycanda istehsal olunan yaşıl elektrik enerjisinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirəcək və ölkəmizin enerji tranziti mövqeyini elektrik enerjisi sahəsində gücləndirəcək.
Yaşıl enerji dəhlizi Azərbaycana hansı iqtisadi faydaları və yeni investisiya imkanlarını qazandıra bilər?
“Xəzər Yaşıl Enerji Dəhlizi” layihəsi Azərbaycanda yaşıl enerji istehsalının artırılmasına, bərpa olunan enerji və elektrik şəbəkəsi infrastrukturuna yeni investisiyaların cəlbinə təkan verə bilər. Layihənin reallaşdırılması elektrik enerjisinin ixracından və tranzitindən gəlir əldə etmək, yeni iş yerləri yaratmaq və yerli xidmət sahələrini inkişaf etdirmək imkanları açacaq.
