ARDNF ilk dəfə qızıl ehtiyatlarının böyük bir hissəsini satıb

ARDNF ilk dəfə qızıl ehtiyatlarının böyük bir hissəsini satıb

Nizami Salmanov · Media ·

Azərbaycan Dövlət Neft Fondu 2026-cı ilin birinci rübündə qızıl ehtiyatlarının bir hissəsini satıb. Bloomberg-in məlumatına görə, satışın həcmi təxminən 22 ton, dəyəri isə cari qiymətlərlə 3 milyard dollardan çox olub. Bu, Fondun 2012-ci ildən qızıl almağa başlamasından bəri qızıl ehtiyatlarını ilk dəfə azaltması kimi qiymətləndirilir.

Redaksiya xəbər verir ki, APA-nın ARDNF-ə istinadən yaydığı məlumata görə, Fond birinci rübdə 22,1 ton qızıl satıb və nəticədə qızıl ehtiyatları 178,1 tona düşüb. Aprelin 1-nə qızıl ARDNF-in investisiya portfelinin 35,6 faizini, yəni 26,1 milyard dollarını təşkil edib.

ARDNF satışın səbəbini qızılın qiymətindəki kəskin artım fonunda portfelin balanslaşdırılması ilə izah edib. Fond bildirib ki, 2026-cı ilin birinci rübündə qızıl sub-portfelinin payı investisiya siyasətində müəyyən olunan hədəf səviyyəni, icazə verilən yayınma intervalı nəzərə alınmaqla, keçib. Bu səbəbdən qızılın payını yenidən hədəf səviyyəyə qaytarmaq üçün müvafiq əməliyyatlar aparılıb.

Bloomberg yazır ki, qızılın bahalaşması 2025-ci ilin sonuna ARDNF-in qızıl aktivlərinin payını ümumi aktivlərin təxminən 38 faizinə çatdırmışdı. Fondun investisiya siyasətinə əsasən, qızıl portfeldə maksimum 35 faiz pay tuta bilər və əlavə 4 faizlik yuxarı yayınma limiti mövcuddur.

Satışdan sonra da qızıl ARDNF portfelində əsas aktivlərdən biri olaraq qalır. Rəsmi məlumata görə, 2026-cı ilin birinci rübünün sonunda Fondun ümumi aktivləri təxminən 73,5 milyard dollar səviyyəsində olub.