İspaniyanın “Real Madrid” klubunda çıxış edən Türkiyə millisinin futbolçusu Arda Güler Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) “2025-ci ilin ən yaxşı oyun qurucusu” mükafatına namizəd göstərilib. Gənc futbolçu mükafat uğrunda mübarizə aparacaq 15 oyunçu arasında yer alıb. Bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.
Redaksiya mənbəyə istinadən xəbər verir ki, IFFHS tərəfindən açıqlanan namizədlər siyahısında Arda Gülerlə yanaşı, Lionel Messi, Cud Bellingem, Lamin Yamal, Pedri və Kevin De Brüyne kimi tanınmış futbolçular da yer alıb.
Namizədlər arasında Bruno Fernandeş, Koul Palmer, Florian Virts, Martin Edeqor, Vitinya, Xames Rodriqes, Reo Hatate, Məhəmməd Kudus və Malik Tillman da var.
Mükafatın qalibi dünyanın 120 ölkəsindən olan idman jurnalistləri və futbol mütəxəssislərindən ibarət beynəlxalq münsiflər heyətinin qiymətləndirməsi əsasında müəyyənləşdiriləcək.
IFFHS-nin qaydalarına əsasən, futbolçuların çıxışları ayrı-ayrı mövsümlər üzrə deyil, yanvar-dekabr aylarını əhatə edən təqvim ili ərzində göstərdikləri performansa görə qiymətləndirilir.
Arda Güler 2025-ci il mükafatlarında daha bir kateqoriyada — “Dünyanın ən yaxşı gənc futbolçusu” nominasiyasında da namizədlər arasında yer alıb.
Qeyd edək ki, namizədlərin siyahısı 2025-ci ilin oktyabrında açıqlanıb. Buna görə də söhbət 2026-cı il deyil, 2025-ci il üzrə mükafatlandırmadan gedir.
