ABŞ-da Konqresə aralıq seçkilərində Miçiqan ştatından senator seçilən Demokratlar Partiyasının namizədi Əbdül El-Sayed dövlət vəsaitlərinin müharibələrin və ayrı-seçkiliyin maliyyələşdirilməsinə yönəldilməsinə qarşı çıxıb. O, ABŞ Senatına seçilən ilk müsəlman kimi tarixə düşüb. Bu barədə Reuters agentliyi məlumat yayıb.
Redaksiya mənbəyə istinadən xəbər verir ki, 42 yaşlı El-Sayed noyabrın 3-də keçirilən seçkilərdə Respublikaçılar Partiyasının namizədi Mayk Rocersi məğlub edib. O, seçki qələbəsindən sonra Detroytda tərəfdarları qarşısında çıxış edib.
“Biz pullarımızın aparteidin, soyqırımın və ya müharibələrin maliyyələşdirilməsinə göndərilməsini istəmirik”, – deyə El-Sayed bildirib.
Yeni seçilmiş senator dövlət vəsaitlərinin amerikalıların gündəlik ehtiyaclarına yönəldilməsinin vacibliyini də vurğulayıb. O, vergilərdən əldə olunan gəlirlərin ölkə daxilində məktəblərə, səhiyyəyə və infrastruktura sərf edilməsini istədiklərini söyləyib.
Əbdül El-Sayed seçki kampaniyası ərzində ABŞ-ın İsrailə hərbi yardım göstərməsinə qarşı çıxıb və İsrailin Qəzzadakı hərəkətlərini soyqırım kimi xarakterizə edib.
Keçmiş səhiyyə rəsmisi olan El-Sayed kampaniyasında yaşayış xərclərinin azaldılması, hamı üçün tibbi sığorta və iri korporasiyaların siyasətə təsirinin məhdudlaşdırılması kimi məsələlərə də üstünlük verib.
Onun qələbəsi ilə Demokratlar Partiyası vəzifədən ayrılan senator Qari Pitersin Miçiqandan olan Senat mandatını qoruyub saxlayıb.
El-Sayedin seçilməsi ABŞ tarixində mühüm hadisədir. O, ölkənin qanunverici hakimiyyətinin yuxarı palatasında təmsil olunacaq ilk müsəlman siyasətçi olacaq.
