Anthropic Claude xidmətində həftəlik istifadə limitlərini müvəqqəti olaraq 50 faiz artırıb.
Redaksiya məlumat verir ki, yeni dəyişiklik iyulun 13-dək qüvvədə olacaq. Bu qərar daha əvvəl tətbiq edilən 5 saatlıq istifadə limitlərinin iki dəfə artırılmasının ardınca gəlib.
Məlumata görə, genişləndirilmiş limitlər xüsusilə Claude Code və intensiv Sİ, yəni süni intellekt istifadəsi ilə çalışan developer-lər üçün nəzərdə tutulub. Şirkət son aylarda yüksək yük və artan istifadəçi sayına görə limit siyasətini bir neçə dəfə yeniləmişdi.
Anthropic-in addımı OpenAI-nin Codex xidmətində mayın sonunda başa çatan müvəqqəti ikiqat limit kampaniyası fonunda diqqət çəkir. Bu isə Sİ proqramlaşdırma alətləri bazarında rəqabətin daha da gücləndiyini göstərir.
Ekspertlərin fikrincə, şirkətlər artıq təkcə model keyfiyyəti ilə deyil, istifadə limitləri, agent imkanları və developer rahatlığı ilə də rəqabət aparırlar.
