Türkiyənin Antalya və Muğla vilayətlərinin bir neçə rayonunda baş verən meşə yanğınlarının söndürülməsi üçün havadan və qurudan əməliyyatlar davam etdirilir. Yanğınlar səbəbindən Fethiye-Antalya və Antalya-Seydikemer avtomobil yolları nəqliyyata bağlanıb. Bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, Antalyanın Kaş rayonunun Üzümlü məhəlləsində başlayan yanğınla mübarizə ikinci gündür davam edir. Əraziyə 26 yanğınsöndürən avtomobil, doqquz su təchizatı maşını, beş ilkin müdaxilə avtomobili və 155 əməkdaş cəlb olunub. Səhər saatlarından etibarən təyyarə və helikopterlər də əməliyyata qoşulub.
Muğlanın Seydikemer rayonundakı yanğına beş təyyarə, 12 helikopter, 35 yanğınsöndürən avtomobil və ümumilikdə 373 əməkdaşla müdaxilə edilir. Ehtiyat tədbiri kimi 43 evdə yaşayan 65 nəfər təxliyə olunub, Seydikemer Dövlət Xəstəxanasının reanimasiya və palliativ yardım bölmələri boşaldılıb.
Muğlanın Fethiye rayonunda da güclü küləyin təsiri ilə böyüyən meşə yanğınına iki təyyarə, iki helikopter və çoxsaylı yerüstü qüvvələrlə müdaxilə olunur. Antalyanın Kumluca və Demre rayonlarındakı yanğınlar isə nəzarətə götürülüb, ərazilərdə soyutma və yanğınların səbəblərinin müəyyənləşdirilməsi işləri aparılır.
