Ana dilimizi qorumaq və inkişaf etdirmək hər bir azərbaycanlının müqəddəs borcudur

Ana dilimizi qorumaq və inkişaf etdirmək hər bir azərbaycanlının müqəddəs borcudur

Yulduz Səlimov · Cəmiyyət ·

Hər il avqust ayının 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu əlamətdar gün Ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb.

Xüsusi vurğulayaq ki, Sovet dövründə yaranmış süni əngəllərə rəğmən sarsılmaz təməlləri olan Azərbaycan dili mövcudluğunu nəinki qoruya bildi, əksinə inkişaf etdi. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının tərkibində müstəqil Dilçilik İnstitutunun yaradılması dilçiliyimizin bir elm kimi inkişafına ciddi təkan verdi. Bütün bu proseslər isə öz təbii inkişafını Azərbaycan xalqının böyük oğlu, Ulu Öndər Heydər Əliyevin hələ Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə qazanmağa başladı. 1978-ci il aprelin 2-də doqquzuncu çağırış Ali Sovetin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən ulu öndər Heydər Əliyevin təkidi ilə 73-cü maddəni yeni dəyişikliklə vermək qərara alınır. Məhz bu dəyişiklik Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dilinin Azərbaycan dili olduğunu əks etdirir. Böyük əngəl və çətinliklərə baxmayaraq, Ümummilli Liderin bu qətiyyətli addımı mənəvi varlığımızın əsası sayılan dilimizin inkişafında böyük addım oldu. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Müstəqil Azərbaycanın Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdir. Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin səyləri xalqımız üçün əvəzedilməz töhfələrdir. Qəbul edilmiş Qanunlar, verilmiş qərarlar dilimizin mənfi təsirlərdən qorunmasına, inkişaf etdiriliməsinə xidmət etmişdir. Bu gün Ana dilimizin qorunması, inkişaf etdirilməsi istiqamətində Ulu Öndər siyasi kursunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tarixi addımlar adır. Cənab Prezident dilimzin bütün zənginliklərini öz çıxış və nitqlərində ən mükəmməl səviyyədə nümayiş etdirir.

Bu gün Qalib ölkənin Lideri ilk növbədə dilimizin zənginliklərini qoruyub onu inkişaf etdirməklə biz vətəndaşlara nümunə göstərir. Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər, Fərman və Sərəncamlar  ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir. Bəli, Ana dilimizi qorumaq və inkişaf etdirmək hər bir azərbaycanlının müqəddəs borcudur. Ulu Öndər Heydər Əliyev Azərbaycan dili haqqında demişdir: “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”.

Mirsəfər Səfərov
Neftçala rayonu