Almaniya hüquq-mühafizə orqanları sentyabrın 3-də Münhendə Rohde & Schwarz şirkətinin qərargahı yaxınlığındakı tikinti sahəsində törədilən yanğının arxasında Rusiyanın hərbi kəşfiyyat xidməti GRU-nun ola biləcəyini araşdırır. Hadisə zamanı alışdırıcı qurğulardan istifadə edilib, ciddi dağıntı və xəsarət qeydə alınmayıb. Bu barədə Frankfurter Allgemeine Zeitung məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, hadisə ilə əlaqədar 28 yaşlı qadın və 38 yaşlı kişi olmaqla iki Bolqarıstan vətəndaşı saxlanılıb. Almaniya mediasında yayılan məlumata görə, müstəntiqlər onların aşağı səviyyəli icraçılar kimi cəlb olunduğunu və Slovakiyadan fəaliyyət göstərdiyi iddia edilən, GRU ilə əlaqəli şəbəkədən tapşırıq ala biləcəklərini araşdırırlar.
Yanğın Rohde & Schwarz-un yerləşdiyi ərazidə baş verib. Şirkət hərbi və təhlükəsizlik sistemləri, o cümlədən pilotsuz uçuş aparatlarının aşkarlanması və radioelektron mübarizə avadanlığı istehsal edir. Həmin ərazidə Ukraynaya hərbi pilotsuz uçuş aparatları tədarük edən Helsing şirkətinin də obyektləri yerləşir.
Almaniya rəsmiləri hələlik GRU-nun hadisədə iştirakını yekun şəkildə təsdiqləməyiblər. Araşdırma siyasi motivli təxribat və xarici xüsusi xidmət orqanlarının mümkün iştirakı versiyaları üzrə davam etdirilir.
