Almaniya iyunun sonundan etibarən Türkiyəyə Patriot hava hücumundan müdafiə sistemi və 150 hərbçi göndərəcək.
Redaksiya xəbər verir ki, bu barədə Almaniyanın Türkiyədəki səfiri Sibille Katarina Zorq məlumat yayıb.
Məlumata görə, Almaniya Silahlı Qüvvələri bu addımla Türkiyəni mühüm NATO müttəfiqi kimi dəstəkləyəcək və Alyansın cənub-şərq cinahının hava və raket müdafiəsinə töhfə verəcək.
Patriot sistemi ballistik raketlərə, təyyarələrə və müxtəlif hava hədəflərinə qarşı müdafiə üçün istifadə olunur.
Qərar Yaxın Şərqdə və regionda təhlükəsizlik risklərinin artdığı, xüsusilə raket və dron təhdidlərinin daha çox müzakirə olunduğu dövrdə qəbul edilib.
Türkiyə daha əvvəl də NATO çərçivəsində müxtəlif ölkələrin Patriot sistemlərini öz ərazisində yerləşdirmişdi.
