Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanından ibarət Məkkə Müdafiə Alyansı kollektiv müdafiə öhdəliklərinin dərhal icrasına başlanılması barədə qərar qəbul edib. Razılaşdırılmış hərbi qüvvə və imkanların Səudiyyə Ərəbistanına sürətlə yerləşdirilməsi üçün tədbirlər görüləcək. Bu barədə SPA məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, qərar alyansın Siyasi və Müdafiə Strateji Komitəsinin Ər-Riyadda keçirilən fövqəladə iclasından sonra açıqlanıb. İclasda Səudiyyə Ərəbistanının üzləşdiyi təhlükəsizlik təhdidləri və regional vəziyyət müzakirə olunub.
Razılaşmaya əsasən, üzv ölkələrin təsdiqlənmiş mexanizmləri və milli qanunvericiliyi çərçivəsində zəruri hərbi qüvvələrin və imkanların Səudiyyə Ərəbistanına təmin edilməsi və sürətlə yerləşdirilməsi nəzərdə tutulur.
Tərəflər bu addımın üç ölkə arasında hərbi hazırlıq səviyyəsini, inteqrasiyanı və birgə təhdidlərə qarşı cavab imkanlarını artırmaq məqsədi daşıdığını bildiriblər. Alyans həmçinin kollektiv çəkindirmə mexanizmlərinin praktik şəkildə işə salınacağını açıqlayıb.
Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman üç ölkənin Krallığa və müqəddəs məkanlara qarşı hücumlar qarşısında vahid mövqedə dayandığını bildirib. Komitə həmçinin Məkkə və Mədinəni hədəfə almaq cəhdlərini, eləcə də Səudiyyə Ərəbistanının şəhərlərinə, mülki və iqtisadi obyektlərinə hücumları pisləyib.
Alyansın institusional strukturunun formalaşdırılması çərçivəsində pakistanlı istefada olan general-leytenant Numan Mahmud üç il müddətinə təşkilatın ilk baş katibi təyin edilib.
