Almaniya Polşadan gələn ukraynalı qaçqın axınından narahatdır

Almaniya Polşadan gələn ukraynalı qaçqın axınından narahatdır

Könül Məmmədova · Media ·

Almaniya Polşadan yeni ukraynalı qaçqın axınının başlaya biləcəyindən narahatdır.

Redaksiya Bild-ə istinadla xəbər verir ki, bu barədə Almaniya təhlükəsizlik xidmətinin məxfi hesabatında qeyd olunub.

Məlumata görə, narahatlıq Varşavanın miqrantlar üçün sosial ödənişləri azaltmaq qərarından sonra artıb.

Hesabatda bildirilir ki, Almaniyaya gələnlərin sayının yüksəlməsi təkcə Polşada sosial güzəştlərin azaldılması ilə bağlı deyil. Buna insanları qanunsuz yollarla Almaniyaya keçirən qaçaqmalçı şəbəkələrin fəallaşması da təsir göstərə bilər.

Sənədə əsasən, hazırda Almaniyanın şərq sərhədlərinə gələn qaçqınlar arasında hərbi çağırış yaşında olan ukraynalı kişilər ən böyük qruplardan birini təşkil edir.

Polşada təxminən 960 min ukraynalı yaşayır. Almaniya isə 2022-ci ildən bəri təxminən 1,35 milyon Ukrayna vətəndaşına müvəqqəti müdafiə statusu verib.

Daha əvvəl Polşada yol hərəkəti qaydalarını pozan bəzi ukraynalıların deportasiya olunmağa başladığı bildirilmişdi.

Varşava ötən ildən etibarən ölkədə qeyri-qanuni miqrantların sayını azaltmaq üçün daha sərt siyasət yürüdür.

2025-ci il sentyabrın 12-də Polşa Seymi işləməyən ukraynalıları sosial müavinətlərdən məhrum edən qanun qəbul edib. Fevralın 19-da isə Polşa Prezidenti Karol Navrotski ukraynalı qaçqınların bəzi güzəştlərini və xüsusi statusunu ləğv edən qanunu imzalayıb.