Aİ yanğınlarla mübarizədə həmrəyliyi yüksək qiymətləndirib

Aİ yanğınlarla mübarizədə həmrəyliyi yüksək qiymətləndirib

Nizami Salmanov · Media ·

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Fransa və İspaniyada meşə yanğınları ilə mübarizəyə göstərilən dəstəyə görə Türkiyəyə və bir sıra Avropa ölkələrinə təşəkkür edib. O, beynəlxalq yardımın həm Avropa İttifaqı daxilində, həm də onun hüdudlarından kənarda həmrəyliyin nümunəsi olduğunu bildirib.

Redaksiya istinadla xəbər verir ki, Türkiyə ilə yanaşı, Portuqaliya, Çexiya, İtaliya, Yunanıstan, İsveç, Xorvatiya, Almaniya və Slovakiya yanğınların söndürülməsi əməliyyatlarına texnika və canlı qüvvə ilə dəstək göstərib.

Avropa İttifaqının Mülki Müdafiə Mexanizmi çərçivəsində Fransaya Çexiya, Xorvatiya, Almaniya, Portuqaliya, Slovakiya, İsveç və Türkiyədən yeddi təyyarə və dörd helikopter göndərilib. İspaniyaya isə Yunanıstan, İtaliya və Türkiyədən altı təyyarə, Portuqaliyadan 134 əməkdaş və 41 nəqliyyat vasitəsi cəlb olunub.

Aİ-nin “Copernicus” peyk xidməti də yanğınsöndürmə əməliyyatlarının əlaqələndirilməsi üçün fövqəladə vəziyyət xəritələri təqdim edir. Avropa Komissiyası əlavə yardım ehtiyacını qiymətləndirmək məqsədilə Fransa və İspaniya hakimiyyətləri ilə əlaqəni davam etdirir.