Aİ Trampın təhdidlərinə sərt cavab hazırlayır

Aİ Trampın təhdidlərinə sərt cavab hazırlayır

Sevinc Kərimova · Siyasət ·

Avropa İttifaqı ABŞ prezidenti Donald Trampın Avropa mallarına rüsum tətbiqi ilə bağlı təhdidlərinə cavab olaraq ən sərt ticarət mexanizmlərindən birini işə sala bilər. Siyasi dairələrdə “ticarət bazukası” kimi tanınan bu mexanizm Aİ-nin arsenalındakı ən güclü iqtisadi vasitə hesab olunur və genişmiqyaslı məhdudiyyətləri əhatə edir.

Redaksiya xəbər verir ki, Politico nəşrinin məlumatına görə, sözügedən “bazuka” gömrük rüsumlarının tətbiqi və ya artırılması, ixrac və idxalın kvota və lisenziyalarla məhdudlaşdırılması, həmçinin xidmətlər üzrə ticarətə məhdudiyyətlərin qoyulmasını nəzərdə tutur. Bundan əlavə, Aİ dövlət satınalmalarına çıxışı, birbaşa xarici investisiyaları, intellektual mülkiyyət hüquqlarını və birlik daxilində maliyyə bazarlarına çıxışı da məhdudlaşdıra bilər.

Mənbənin yazdığına görə, Avropa İttifaqının cavab variantları sırasında ABŞ mənşəli mallara €93 milyard həcmində rüsum tətbiqi də mövcuddur. Bu tarif siyahısı ötən il hazırlanıb, lakin “tammiqyaslı ticarət müharibəsi”nin qarşısını almaq məqsədilə onun icrası 6 fevral tarixinədək dayandırılıb.

Bundan başqa, Aİ ABŞ dövlət istiqrazlarının satışını və Çinlə iqtisadi yaxınlaşmanı da nəzərdən keçirir. Avropa İttifaqı Pekinlə ticarət əlaqələrini gücləndirməyə çalışsa da, Çin hazırda Aİ-nin ikinci ən böyük ticarət tərəfdaşı olaraq qalır və bu yaxınlaşma fonunda rəqabət riskləri də ciddi şəkildə dəyərləndirilir.

Qeyd olunur ki, ABŞ-yə qarşı rüsumların tətbiqi üçün Aİ-yə üzv ölkələrin əksəriyyətinin razılığı tələb olunur. Bu məsələdə Fransa sərt tədbirləri dəstəkləyir, Almaniya isə açıq qarşıdurmaya daha ehtiyatla yanaşır.