Avropa İttifaqı Rusiya Federasiyasına qarşı 19-cu sanksiya paketinin hazırlanması imkanını nəzərdən keçirir. Bu barədə Aİ Parlamentinin üzvü, çexiyalı deputat Tomaş Jdexovski rus mətbuatına danışarkən bildirib.
Redaksiya mənbəyə istinadən xəbər verir ki, Jdexovski qeyd edib: “18-ci sanksiya paketi, əsasən, mövcud məhdudiyyətlərin dolanmasının qarşısını almağa yönələcək. Məqsəd – artıq tətbiq olunmuş sanksiyaların real effektivliyini artırmaqdır. Əgər sahədə vəziyyət dəyişərsə və nəticələr yetərli olmazsa, 19-cu paket də gündəmə gələ bilər.”
Deputat əlavə edib ki, yeni sanksiyalar Ukraynadakı hərbi vəziyyətə, Rusiya iqtisadiyyatının reaksiyasına və üçüncü ölkələr vasitəsilə sanksiyalardan yayınma cəhdlərinə bağlı olaraq formalaşa bilər.
Baxmayaraq ki, hazırda Avropa İttifaqında həm 17-ci, həm də 18-ci sanksiya paketləri tam şəkildə təsdiqlənməyib, lakin diplomatik dairələrdə artıq növbəti mərhələ üçün texniki hazırlıqların başladığı qeyd olunur.
Avropa İttifaqının növbəti addımlarının Rusiyanın enerji, nəqliyyat və texnologiya sektorlarına yönələcəyi gözlənilir.
Sevinc Kərimova
