Avropa İttifaqı ilə ABŞ arasında ticarət sazişinin yekun hüquqi mətni üzrə Brüsseldə aparılan danışıqlarda razılıq əldə olunmayıb.
Redaksiya GDH-yə istinadla xəbər verir ki, Avropa Parlamenti sazişə daha güclü müdafiə mexanizmlərinin və ABŞ tərəfindən mümkün pozuntu halında avtomatik sanksiyaların əlavə edilməsini tələb edir.
Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsinin sədri Bernd Lange danışıqlarda müəyyən irəliləyiş olduğunu, lakin əsas məsələlər üzrə prosesin hələ tamamlanmadığını bildirib.
Məlumata görə, tərəflər arasında növbəti müzakirə raundu mayın 19-da Strasburqda keçiriləcək. Bu görüş sazişin Avropa İttifaqı daxilində təsdiq prosesinə keçib-keçməyəcəyi baxımından həlledici mərhələlərdən biri sayılır.
Saziş 2025-ci ilin iyulunda Şotlandiyada, ABŞ Prezidenti Donald Trampa məxsus Turnberri qolf meydançasında yekunlaşdırılmışdı. Razılaşmaya əsasən, Aİ ABŞ məhsullarına gömrük rüsumu tətbiq etməməyi qəbul edib, Vaşinqton isə Avropa məhsullarına 15 faizlik rüsum tətbiq edəcəyini açıqlamışdı.
ABŞ Prezidenti Donald Tramp isə sazişə əməl olunmadığını əsas gətirərək, Aİ mənşəli avtomobil və yük maşınlarına tətbiq edilən gömrük rüsumunu 25 faizə qaldırmaqla hədələyib.
