ABŞ-da Tramp komandasının daxilində gərginlik pik həddə çatıb. Texnologiya milyarderi İlon Mask və Maliyyə naziri Skott Bessent arasında Ağ Evdə fiziki qarşıdurma baş verdiyi təsdiqlənib.
Redaksiya xəbər verir ki, mübahisəyə səbəb Bessentin Maskı saxta vədlərlə çıxış etməkdə ittiham etməsi olub. Nazir, Maskın dövlət büdcəsində 1 trilyon dollarlıq israfı üzə çıxaracağına dair verdiyi vədi yerinə yetirmədiyini deyib. Hadisə ilə bağlı keçmiş müşavir Stiv Bennon da “Daily Mail”ə verdiyi açıqlamada qalmaqalı təsdiqləyib.
Skott Bessent 1992-ci ildə “Qara Çərşənbə” valyuta böhranı və 2013-cü ildə yapon yeninə qarşı maliyyə əməliyyatları ilə milyardlarla dollar gəlir əldə etmiş təcrübəli investor kimi tanınır. Onun klassik və sərt yanaşması, Maskın qeyri-ənənəvi və radikal islahat təklifləri ilə ciddi ziddiyyət təşkil edir.
Qeyd edək ki, İlon Mask dövlət xərclərini 2 trilyon dollar azaltmağı hədəfləyən Dövlət Effektivliyi Departamentinin rəhbərlərindən biri kimi fəaliyyət göstərirdi. Onun beş aylıq dövlət vəzifəsi bu ilin may ayında başa çatıb. Tramp administrasiyası ilə münasibətləri isə, həm “Big Beautiful Bill” layihəsi, həm də narkotik istifadəsi ilə bağlı yayılan iddialar fonunda tamamilə pozulmuş görünür.
Sevinc Kərimova
