İsrailin Channel 14 telekanalı ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri general Bred Kuper ilə yüksək səviyyəli İsrail rəsmiləri arasında keçirilmiş görüşün detalları barədə məlumat yayıb. Məlumata görə, tərəflər İranla bağlı hərbi və siyasi ssenariləri müzakirə ediblər və hazırkı mərhələdə konkret hücum tarixinin müəyyənləşdirilmədiyi bildirilib.
Redaksiya Channel 14 istinadla xəbər verir ki, ABŞ tərəfi mümkün əməliyyatlar üçün genişmiqyaslı hərbi yığım və hazırlıq mərhələsinə ehtiyac olduğunu vurğulayıb. Bununla yanaşı, vəziyyətin tələb etdiyi halda dərhal əməliyyatın həyata keçirilə biləcəyi qeyd olunub.
Məlumata əsasən, planlaşdırılan əməliyyat “təmiz, sürətli və aşağı xərcli” formatda nəzərdə tutulur. Əsas hədəf kimi mülki şəxslərə və etirazçılara zərər vuran elementlərin neytrallaşdırılması göstərilir. ABŞ rəsmilərinin mövqeyinə görə, belə bir yanaşma regional gərginliyin daha da dərinləşməsinin qarşısını almağa yönəlib.
Görüşdə səsləndirilən digər mühüm məqam isə Vaşinqtonun İranla bağlı siyasi xəttidir. Bildirilib ki, ABŞ lazım gəldiyi təqdirdə İran rejiminin dəyişdirilməsinə hazırdır. Bu açıqlama regionda təhlükəsizlik balansı və beynəlxalq münasibətlər baxımından ciddi rezonans doğura biləcək mesaj kimi qiymətləndirilir.
