ABŞ texnologiya strategiyasını gücləndirir: “U.S. Tech Force” yaradıldı

ABŞ texnologiya strategiyasını gücləndirir: “U.S. Tech Force” yaradıldı

Sevinc Kərimova · Siyasət ·

ABŞ prezidenti Donald Tramp administrasiyası “U.S. Tech Force” adlı yeni təşəbbüsü təqdim edərək federal qurumlarda süni intellekt infrastrukturunun inkişafı üçün minə yaxın mühəndis və mütəxəssisin ikiillik xidmətə cəlb olunacağını açıqlayıb. Layihə dövlətlə aparıcı texnologiya şirkətləri arasında əməkdaşlığın institusionallaşdırılması kimi qiymətləndirilir.

Redaksiya xəbər verir ki, proqram iştirakçıları birbaşa agentlik rəhbərlərinə hesabat verən komandalarda çalışacaq və layihədə Amazon Web Services, Apple, Google Public Sector, Dell Technologies, Microsoft, Nvidia, OpenAI, Oracle, Palantir və Salesforce kimi özəl tərəfdaşlar yer alır. Tərəfdaş şirkətlərin layihə məzunlarını işə qəbul etməyə hazır olduqları, eyni zamanda öz əməkdaşlarını dövlət xidmətinə namizəd göstərə biləcəkləri bildirilir.

Təşəbbüsün ABŞ-ın süni intellekt sahəsində Çinlə rəqabətində infrastrukturun sürətlə gücləndirilməsinə yönəldiyi vurğulanır. Proqram çərçivəsində illik əməkhaqlarının 150–200 min dollar aralığında müəyyən ediləcəyi təsdiqlənib.

Ekspertlər bu təşəbbüsün dövlət və özəl sektor arasında dövri keçidi gücləndirdiyini, belə bir mexanizmin federal qurumlarda qərarverməyə təsir imkanlarını artırdığını qeyd edirlər. Dövlət layihələrinə özəl şirkətlərdən mütəxəssislərin cəlbi həm imkanları genişləndirsə də, potensial maraq toqquşmaları barədə müzakirələri də gündəmə gətirir.