ABŞ Sərhəd Patrulunun rəhbəri istefa verdi

ABŞ Sərhəd Patrulunun rəhbəri istefa verdi

Yulduz Səlimov · Media ·

ABŞ Sərhəd Patrulunun rəhbəri Mayk Benks istefa verdiyini açıqlayıb.

Redaksiya Associated Press və Reuters-ə istinadla xəbər verir ki, Benksin istefası dərhal qüvvəyə minib. O, qərarını 37 illik xidmətdən sonra ailəsinə və şəxsi həyatına daha çox vaxt ayırmaq istəməsi ilə izah edib.

Benks Fox News-a açıqlamasında “artıq vaxtıdır” deyib. Onun sözlərinə görə, o, sərhəddə vəziyyəti “xaosdan ən təhlükəsiz mərhələyə” gətirdiyini düşünür və indi vəzifəni başqasına təhvil vermək istəyir.

Bununla belə, istefa ABŞ Daxili Təhlükəsizlik Nazirliyində geniş kadr dəyişiklikləri fonunda baş verib. Son aylarda immiqrasiya siyasətinə cavabdeh bir neçə yüksək vəzifəli şəxs postunu tərk edib və ya dəyişdirilib.

Reuters yazır ki, Benksin gedişi Tramp administrasiyasının sərt immiqrasiya siyasəti ətrafında siyasi təzyiqlərin artdığı dövrə təsadüf edir. O, sərhəd keçidlərinə qarşı cinayət təqiblərinin genişləndirilməsi və ICE ilə birgə əməliyyatların artırılması siyasətində əsas fiqurlardan biri idi.

Bəzi ABŞ mediası Benkslə bağlı daha əvvəl xaricdə etik davranış iddialarının gündəmə gəldiyini yazıb. CBP isə bu iddiaların araşdırıldığını və işin bağlandığını bildirib. Hazırda istefanın birbaşa həmin iddialarla bağlı olduğunu təsdiqləyən rəsmi məlumat yoxdur.