ABŞ Konqresinin Nümayəndələr Palatasının Respublikaçılar Partiyasından olan üzvü Tomas Massi müdafiə naziri Pit Heqsetə qarşı sərt ittihamlar səsləndirib. Konqresmen onu İranda məktəblilərin ölümü, şübhəli narkotik qaçaqmalçılarını daşıdığı iddia edilən qayıqlara hücumlar və Venesueladakı hərbi əməliyyatla bağlı qanunları pozmaqda günahlandırıb.
Redaksiya məlumat verir ki, Massi noyabrın 9-da CNN telekanalının aparıcısı Keytlin Kollinsə müsahibəsində Heqsetin impiçmentini tələb etməsinin səbəblərini açıqlayıb.
Konqresmen Pentaqon rəhbərinin fəaliyyətini istehzalı şəkildə qiymətləndirərək onun müəyyən sahələrdə həqiqətən də “uğurlu” olduğunu bildirib.
“O, 200 məktəblinin öldürülməsində uğurlu olub. Narkotik qaçaqmalçılığında iştirak edib-etmədikləri belə məlum olmayan insanların olduğu balıqçı qayıqlarını bombalamaqda uğurlu olub”, – deyə Massi bildirib.
Respublikaçı siyasətçi Heqseti Venesuelada keçirilən hərbi əməliyyata görə də tənqid edib.
“O, Venesuelada Konstitusiyaya zidd adam oğurluğu əməliyyatını həyata keçirməkdə də uğurlu olub”, – deyə konqresmen vurğulayıb.
Massi bildirib ki, impiçment təşəbbüsünün əsas məqsədi Heqsetin idarəçilik bacarığını deyil, onun hərəkətlərinin qanuniliyini qiymətləndirməkdir.
“Biz məhz buna görə onun impiçmentini istəyirik. Çünki o, qanunları pozmaqda və Konstitusiyanı tapdalamaqda uğurlu olub”, – deyə siyasətçi qeyd edib.
Massi həmin gün Heqsetə qarşı səkkiz maddədən ibarət impiçment qətnaməsini Nümayəndələr Palatasına təqdim edib.
İttihamlar arasında Konqresin icazəsi olmadan İrana qarşı hərbi əməliyyatların davam etdirilməsi, mülki əhalinin qorunmasına dair qanunların pozulması və dənizdə şübhəli şəxslərin məhkəməsiz öldürülməsi ilə bağlı iddialar yer alır.
Konqresmen həmçinin Venesuelanın keçmiş prezidenti Nikolas Maduronun ələ keçirilməsi əməliyyatının konstitusion əsaslarını şübhə altına alıb.
Heqset isə ittihamları rədd edərək impiçment təşəbbüsünü siyasi xarakterli addım adlandırıb. ABŞ Prezidenti Donald Tramp da müdafiə nazirinə dəstəyini ifadə edib.
Qeyd edək ki, Massinin səsləndirdiyi ittihamlar hələ məhkəmə tərəfindən sübuta yetirilməyib. İranda məktəbə endirilən zərbə ilə bağlı ilkin ABŞ qiymətləndirməsində hücumun ehtimalən ABŞ qüvvələri tərəfindən həyata keçirildiyi, lakin məktəbin qəsdən hədəf alınmadığı bildirilmişdi.
Heqsetin vəzifədən uzaqlaşdırılması üçün impiçment qətnaməsinin Nümayəndələr Palatasında qəbul edilməsi və daha sonra Senatda müvafiq qərarın verilməsi tələb olunur.
