ABŞ İranın silah, dron texnologiyası və raket komponentləri ilə təmin olunduğu iddia edilən şəbəkələrə qarşı sanksiyaları genişləndirib.
Redaksiya ABŞ Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, yeni məhdudiyyətlər Çin, Honkonq, Belarus, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərindən olan şirkət və şəxsləri əhatə edir.
Vaşinqton sanksiya siyahısına daxil edilən subyektləri İranın raket və pilotsuz uçuş aparatları proqramları üçün material tədarük etməkdə, maliyyə və logistika şəbəkələri təşkil etməkdə ittiham edir.
Məlumata görə, siyahıya Çin aviasiya materialları şirkətləri, silah tədarükü üzrə vasitəçilər və İran silah müqavilələri üçün ödənişləri emal etdiyi bildirilən şirkətlər daxil edilib.
Raket yanacağı üçün xammal tədarük etdiyi iddia olunan şirkətlər və İranın “Mahan Air” aviaşirkəti də yenidən sanksiyaların hədəfinə çevrilib.
ABŞ tərəfi İranın hərbi imkanlarını dəstəkləyən beynəlxalq şəbəkələrə qarşı təzyiqin davam etdiriləcəyini bildirib.
