ABŞ-də bir sıra federal qurumların maliyyələşdirilməsi ilə bağlı razılaşmanın əldə olunmaması səbəbindən yanvarın 31-də gecə yarısından etibarən qismən hökumət bağlanması qüvvəyə minib. Mövcud vəziyyət federal strukturların bir hissəsinin fəaliyyətinə texniki məhdudiyyətlər tətbiq olunması ilə müşayiət olunur.
Redaksiya xəbər verir ki, qismən texniki bağlanmanın 2 gündən artıq davam etməyəcəyi və Nümayəndələr Palatasının bazar ertəsi maliyyələşdirmə ilə bağlı səsvermə keçirməsi halında iqtisadiyyata ciddi təsir göstərməyəcəyi gözlənilir. Sənədin qəbulu hökumətin normal fəaliyyətinin tez bir zamanda bərpasına imkan verə bilər.
Məlumata görə, ABŞ Senatı artıq maliyyə ilinin sonunadək, yəni sentyabrın 30-dək maliyyələşdirməni təsdiqləyib. Nümayəndələr Palatasında müvafiq səsvermənin fevralın 2-də keçirilməsi planlaşdırılır.
Sənəd Nümayəndələr Palatasında qəbul edildikdən sonra imzalanacağı təqdirdə, qismən bağlanmanın sürətlə aradan qaldırılacağı bildirilir. Qeyd olunur ki, sənədin qüvvəyə minməsi üçün ABŞ prezidenti Donald Trampın imzası tələb olunur.
